Azərbaycana qarşı həmişə qərəzli kampaniyaları və ifrat ermənipərəstliyi ilə tanınan Fransanın son illər sərgilədiyi antiazərbaycan mövqeyi özünü getdikcə daha iyrənc şəkildə göstərir. Müasir dünyada Fransa deyilən ölkə yalnız və yalnız Ermənistanın hüquqlarını müdafiə edən bir ölkə kimi tanınır. Ermənidən çox erməni olan Makron hökuməti Ermənistan və separatçılarlarla bağlı davranışları ilə özünü daha da rüsvay edir.
Bu günlərdə isə "etibarlı dayə" rolunda olan Fransa Azərbaycana qarşı daha bir addım atıb.
Belə ki, Fransa-Azərbaycan Parlament Dostluq Qrupu fəaliyyətini dayandırır. Mətbuatın yazdığına görə, Fransa-Azərbaycan Parlament Dostluq Qrupu fəaliyyətinə son qoyub. Bu barədə dostluq qrupunun rəhbəri, fransalı parlamentari Pyer Vatin məlumat verib.
“Milli Assambleyada rəhbərlik etdiyim Fransa-Azərbaycan Parlament Dostluq Qrupu fəaliyyətini və Azərbaycan Milli Məclisinin Azərbaycan-Fransa Dostluq Qrupu ilə əlaqələrini dayandırır”, - o, X mikrobloqunda yazıb.
Bəzi mənbələrə görə isə, Fransa-Azərbaycan Dostluq Qrupu Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə əlaqəsini də artıq dayandırıb.
"Fransa və Azərbaycan arasında münasibətlərin soyumasından da ən çox zərər çəkən dövlət məhz Fransa olacaq"
Fransanın bu addımı ilə bağlı danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gözlənilməz deyildi. Onun sözlərinə görə, çünki Fransa və Azərbaycan arasında münasibətlərin bu şəkil almasında məsuliyyət Fransanın üzərinə düşür. "Bəli, artıq mediada yayılan məlumatlardan aydın olur ki, Fransa-Azərbaycan parlament dostluq qrupu fransız deputatların təşəbbüsü ilə öz fəaliyyətini dayandırır. Hesab edirəm ki, bu qərar Fransanın son illərdə, xüsusilə Vətən müharibəsindən sonra tərəfkeş, ermənipərəst, o cümlədən də Azərbaycana qarşı qərəzli təzyiq siyasətinin tərkib hissəsidir. Məqsəd ilk növbədə ölkəmizə qarşı hər hansı bir təzyiq göstərməkdir. Təbii ki, bu qərar gözlənilməz deyildi"-deyə qeyd edən M.Məmmədli vurğuladı ki, onsuz da son dövrlər Fransa və Azərbaycan arasında münasibətlər xeyli soyuyub. "Yəni münasibətlərin soyuması da Fransa hökumətinin həyata keçirdiyi tərəfkeş və qərəzli siyasət üzündən baş verib. Bu qərar da iki ölkə arasında münasibətlərin soyumasına öz "töhfəsini" verib. Ancaq qəbul olunmuş bu qərar, düşünmürəm ki, Azərbaycana hər hansı bir formadasa təzyiq göstərmək gücündə olsun, Azərbaycanın haqlı mövqeyindən geri çəkilməsinə səbəb olsun. Azərbaycan beynəlxalq hüquq normalarına və öz qanunlarına uyğun olaraq addımlar atır, haqlı tərəfdir, eyni zamanda güclü tərəfdir. Bu səbəbdən də belə qərarlarla Azərbaycana təzyiq göstərmək mümkün deyil. Düşünürəm ki, Fransa və Azərbaycan arasında münasibətlərin soyumasından da ən çox zərər çəkən dövlət məhz Fransa olacaq"-deyə M.Məmmədli qeyd etdi.
İradə SARIYEVA