Erməni əsilli milyarder, qondarma qurumun sabiq “dövlət naziri” olmuş Vardanyanın həbsindən sonra, terror və separatçılıqla əlaqəli olan daha iki yüksək çinli şəxs həbs edilərək Bakıya gətirilib.
Sentyabrın 29-da “Laçın” dövlət sərhəd buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.
Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
Digər məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri və insanların həlak olması ilə nəticələnmiş çoxsaylı terror aktları ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq davam etdirilir.
Məlumata görə, əldə olunmuş sübutlar əsasında, Ermənistan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Davit Manukyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Göründüyü kimi, Vardanyanın ardınca, artıq bir neçə yüksək çinli terrorçu da həbs edilərək Bakıya gətirilib. Maraqlıdır ki, dünya dövlətləri və beynəlxalq təşkilatlar, hətta Ermənistan belə onları ciddi müdafiə etmir. Bunun səbəbi nə ilə bağlıdır? Arayik Arutunyan və ondan sonrakı “prezident” Samvelin də həbsi realdır. Onların həbsinə Ermənistanın və dünyanın reaksiyası fərqli olarmı?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, keçmiş “müdafiə naziri” Seyran Ohanyan açıqlamasında deyib ki, əgər Ermənistan hökuməti sərhəddə erməni generallarının həbsinə susursa, bu gələcəkdə İrəvanla Bakı arasında yeni razılaşmadan xəbər verir: "Deməli, bu gedişat onu göstərir ki, gələcəkdə Ermənistan Azərbaycanın tələb etdiyi şəxsləri Bakıya təhvil verəcək". Görürsünüzmü, Ermənistanın terrorçulara sahib çıxmadığını artıq tanınmış ermənilərin özləri də etiraf etmiş olur. Belə adamları heç bir dövlət müdafiə edə bilməz. Çünki əllərində silah terrorçuluq və separatizmlə məşğul olublar. Əminəm ki, Balasanyan da, Arayik Arutunyan da, hətta yeni “seçilən” Samvel adlı “prezidentləri” də həbs edilərək, Bakıya gətiriləcək.
Vardanyan əlbəttə ki, nə Araik Arutyunyan, nə də Samvel Şahramanyanla müqayisə ediləcək erməni separatçı lideri deyil və üstəlik də milyarderdir. Onun həbsinə belə loyal münasibət varsa, onda digər terrorçuların həbsi xüsusi rezonans doğurmayacaq”.
Məhəmmədəli QƏRİBLİ