Rusiya Qarabağdan erməni köçünə birbaşa səbəb görmədi...

Kreml ermənilərin Dağlıq Qarabağdan Ermənistan ərazisinə kütləvi şəkildə köçməsinə görə məsuliyyət daşıyanları axtarmamağa və bunun birbaşa səbəbinin olmadığına inanmağa çağırıb.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Sülhməramlılarımız insanlara kömək etməyə davam edirlər. Çoxları Ermənistan ərazisinə köçmək arzusunu bildirir. Arzu edənlərə dəstək verilir”, -deyə Kreml nümayəndəsi əlavə edib. Peskov deyib ki, Rusiya ermənilərin Qarabağdan kütləvi şəkildə köçürülməsi şəraitində ən çox humanitar aspektdən narahatdır - insanların normal şəraitlə təmin olunması vacibdir. “Yəqin ki, burada kimin günahkar olmasından danışmaq mümkün deyil, çünki bu cür hərəkətlər üçün birbaşa səbəb yoxdur. Lakin buna baxmayaraq, insanlar Qarabağ ərazisini tərk etmək arzusunu bildirirlər. Bəziləri bunu həmişəlik, bəziləri isə transformasiya dövründə müvəqqəti olaraq etmək arzusunu ifadə edə bilər”, - Peskov jurnalistlərin günahkarın kim olduğu və onun fikrincə, mühacirlərin ölkədən getməsinə əsas səbəbin nə olduğu barədə suallarını belə cavablandırıb.
Göründüyü kimi, Rusiya ermənilərin Qarabağı tərk etməsində birbaşa səbəb görmür.
- “Bu baxımdan Rusiya rəsmisinin məlum açıqlamasının bizim üçün siyasi əhəmiyyəti var”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Rusiyanın rəsmi olaraq belə bir mövqe bildirməsi müsbət haldır: “Niyə? Ona görə ki, günlərdir erməni tərəfi və onları himayə edənlər qondarma “etnik təmizləmə” tezisini ortaya atıb. Günlərdir bununla bağlı şou yaradırlar ki, guya Azərbaycan tərəfi antiterror tədbirlərindən sonra Qarabağdan erməniləri sıxışdırır. Guya bu səbəbdən ermənilər kütləvi şəkildə Qarabağı tərk edirlər. Peskovun məlum açıqlaması sözügedən böhtan kampaniyasının ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, Rusiya sülhməramlıları 3 ildir ermənilərin yaşadığı ərazidə fəaliyyət göstərirlər. Əgər Rusiya bundan çıxış edərək desəydi ki, ermənilər zorla çıxarılır, o zaman bu, beynəlxalq müstəvidə Azərbaycan üçün problem yaradardı. Rusiya sahədə olduğu üçün beynəlxalq qurumlar üçüncü tərəfin yanaşmasını əsas götürəcəkdilər. Yəni Rusiyanın mövqeyini. Peskov isə dedi ki, ermənilər könüllü olaraq bu seçimi edib. Bu o deməkdir ki, Azərbaycanı etnik təmizləmədə ittiham etmək əsassızdır. Heç şübhəsiz, onun bu açıqlaması Azərbaycanı ittiham edən tərəflərin arqumentlərini heçə endirəcək. O baxımdan ki, biz etnik təmizləmənin olmadığını bəyan etdikdə, bizi subyektivlikdə günahlandırırlar. O cümlədən, Türkiyə bunu desəydi, o dəqiqə deyərdilər ki, Ankara müttəfiqlik mövqeyindən çıxış etdiyi üçün Bakını müdafiə edir. Bunu Rusiya bəyan etdiyinə görə, artıq belə ittihamlara yer qalmır. Bu baxımdan Rusiya rəsmisinin məlum açıqlamasının bizim üçün siyasi əhəmiyyəti var”.
Vidadi ORDAHALLI