Paşinyanın yalanı - Qərbi azərbaycanlılar nə vaxt kompensasiya alıblar?!.

Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı məsələsi aktuallaşıb və artıq bu yöndə beynəlxalq səviyyədə proses başlayıb. Ermənistan tərəfə də dəfələrlə eşitdirilib ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisində yaşamaq hüququnun təmin edilməsi üçün işlər görsün.
Qərbi Azərbaycan İcmasının Ermənistanın baş naziri Nikol Paşinyana müraciətindən sonra Paşinyan hökuməti narahatlıq içindədir. Bu üzdən də Paşinyan və hökumət üzvləri sərsəm açıqlamalar verirlər və bununla da Qərbi azərbaycanlıların qayıdışının qarşısını almağa çalışırlar. Onlar qayıdışın qarşısını almaq üçün müxtəlif təxribatçı işlər görürlər.
Məlumatlara görə, N.Paşinyan bu günlər etdiyi çıxışlardan birində deyib ki, guya Qərbi azərbaycanlılara kompensasiya verilib. O, 1988-ci il zəlzələsi zamanı zəlzələ bölgəsində yaşayanlara verilən yardımı "kompensasiya" sayır, halbuki, camaata kompensasiya verilməyib. Bundan əlavə, Paşinyan iddia edib ki, guya Qərbi azərbaycanlılar həm də evlərini Azərbaycandan köçən ermənilərlə dəyişiblər. Məsələ burasındadır ki, Paşinyanın irəli sürdüyü fikirlər tamamilə reallığın təhrifinə hesablanıb. Qərbi Azərbaycanda soydaşlarımızın zəngin varidatı, ev-eşiyi, bütün var-dövləti qalıb, onlara bir qəpik də olsun kompensasiya verilməyib.
- “Paşinyandır də, həmişə olduğu kimi, bu məsələ barədə də yalan danışır”
Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas İsmayıl Tanrıverdi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Paşinyan Qərbi azərbaycanlıların qayıdışına qarşıdır və Qərbi Azərbaycan İcmasının ona müraciətinə cavabında bunu ifadə edib. “Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı məsələyə Paşinyan televiziya çıxışlarından birində cavab verdi. Dedi ki, məndə olan dəqiq məlumata görə, buradan gedən azərbaycanlıların hamısı öz ev pullarını alıblar, sənədləri də var, bank sənədləri də mövcuddur.
O vaxt zəlzələdən sonra zəlzələ olan ərazidə yaşayanlara maddi yardım edilmişdi. Zəlzələdən əziyyət çəkənlərə verilən yardımı Paşinyan “köçmələri ilə əlaqədar onlara verilən kompensasiya ödənişi” kimi izah edib. İddia etdi ki, onların heç birinin geri qayıtmağa icazəsi yoxdur. Yəni deyir ki, biz onları geri qayıtmağa qoymarıq. Qərbi azərbaycanlıların yaşadıqları bütün yerlərdə zəlzələ olmayıb ki...” - deyə İ.Tanrıverdi bildidi.
İ.Tanrıverdi əlavə etdi ki, Ermənistanın Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasına şərait yaratmaq niyyəti yoxdur. “Qərbi Azərbaycan İcmasının müraciəti Ermənistan hökumətini çox əndişəyə saldı. Paşinyan çıxışında iddia etdi ki, guya Qərbi azərbaycanlıların çoxu evlərini satıb gediblər. Halbuki, kənd yerlərində heç kim evini erməniyə satmamışdı. Oradan ən gec çıxanlardan biri mən olmuşam. 1989-cu il avqustun 11-də ərizə vefrib çıxdım. Mən o zaman Amasya rayonunda “Raykom”da ideoloji şöbəninin müdiri işləyirdim və bütün respublika haqda da məlumatım vardı. Azərbaycanlıları görəndə soruşurdum, maraqlanırdım. Heç bir erməni gəlib heç bir azərbaycanlıdan evini satın almayıb. Bəlkə də beş-on ailə olub ki, dövlət binasında evləri olub və onu ermənilərlə dəyişdirib. Ermənistanın baş nazirinin kompensasiya və “azərbaycanlılar evlərinin pulunu alıblar” iddiası tamamilə əsassızdır, belə hal baş verməyib. Paşinyandır də, həmişə olduğu kimi, bu məsələ barədə də yalan danışır”-deyə İ.Tanrıverdi qeyd etdi.
İradə SARIYEVA