Pirallahıda erməni qəbirlərinin vəziyyəti avropalı jurnalistləri şoka saldı...

Ermənilərin işğal etdikləri ərazilərdə törətdikləri vandallıqlar heç kimə sirr deyil. Onlar təkcə yaşayış məntəqəsi və tarixi abidələrin deyil, xalqımıza məxsus olan məzarlıqların dağıdılmasında da misli görünməyən vəhşiliklər nümayiş etdirirlər. Bu gün bunu təsdiq edən kifayət qədər faktlar mövcuddur. Buna baxmayaraq, Azərbaycanda erməni məzarlıqlarına qarşı himanist davaranışla yanaşılır.
Özlərini dünyaya sivil xalq kimi təqdim edən ermənilər vaxtilə işğal etdikləri yurd yerlərimizdə qəbirlərimizi qazaraq ölülərin qızıl dişlərini çıxarıb, qəbirüstü daşları sındıraraq qonşu ölkələrə satıb, məscidlərimizi dağıdıb, orada donuz saxlayıblar. Bütün bu faktlar elə də uzaq olmayan tarixin üz qarasıdır.
Vətən müharibəsi dünyaya bir daha göstərdi ki, azərbaycanlılar ermənilərdən fərqli olaraq, qəbirlərdən, ölülərdən, əliyalın insanlardan qisas almır.
Bu yaxınlarda avropalı jurnalist və araşdırmaçılar Pirallahıda – xristian qəbiristanlığında olub. Onlar heç bir zərər görməyən erməni qəbirlərinin fotolarını çəkib. Avropalı jurnalist və araşdırmaçılar təəccübləndilər ki, ermənilər onillərlə Azərbaycanda erməni qəbirlərinin dağıdıldığını, yer üzündən silindiyini “sübut” etməyə çalışıblar. Ancaq görünən mənzərə tam fərqli olub.
- “Əcnəbi araşdırmaçıları təəccübləndirən fakt ermənilər Azərbaycan qəbirlərini dağıtdığı halda, bizimkilərin analoji addım atmamasıdır”
Mövzu ilə bağlı fikir bildirən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi icmalçı Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmizdə xristianlara aid qəbiristanlıqlar var: “Həmin qəbiristanlıqlarda olan xarici araşdırmaçıların təəccüblənməsi normal qarşılanmalıdır. Bu məzarların dağılmaması, heç bir vandalizmə məruz qalmaması təbiidir. Nəzərə almaq lazımdır ki, azərbaycanlılar heç vaxt başqa dinə, dünyagörüşə sahib insanların məzarlarına qarşı vandalizm aktı törətməyiblər. Hətta uzun müddət düşmənçilik mövqeyinə baxmayaraq, erməni məzarlarının olduğu kimi qalması təbii qarşılanmalıdır. Onları təəccübləndirən fakt ermənilərin Azərbaycan qəbirlərini dağıtdığı halda, bizimkilərin analoji addım atmamasıdır. Məlumdur ki, ermənilər istər işğal vaxtı, istərsə də işğaldan sonrakı dövrdə müsəlman qəbirlərini dağıdıb, bir çox vəhşiliklər törədiblər. onların abidələrimizə, məscidlərimizə qarşı münasibəti bəllidir. Ancaq ölkəmizdə xristianlarına məzarlarına bilərəkdən zərər yetirilməyib”.
F.Ələkbərlinin sözlərinə görə, Azərbaycan hər zaman tolerant münasibətilə seçilib. Ölkəmiz heç vaxt bu kimi vandalizmə yol verməyib.
Günel CƏLİLOVA