Hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız da hüquq və azadlıqlarının təmini məsələsi ilə bağlı hər hansı problemlə üzləşərsə, 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, təsisatın telefon nömrəsi, eləcə də, sosial şəbəkə hesabları vasitəsilə və elektron qaydada Ombudsmana müraciət edə bilərlər.
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsi ilə bağlı açıqlamasında deyilir.
"Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın, o cümlədən, Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir", - deyə qeyd edilib.