Xarici siyasətdən yazan jurnalistlər, ümumiyyətlə xarici siyasətlə maraqlanan şəxslərin vaxtaşırı maariflənməsi lazımdır. Dünya siyasətində mövcud olan yeni düzəni hiss etməli, yeni trendlərlə, yeniliklərlə tanış olmalıdır ki, hansı xəbəri necə yaymalı olduğunu bilsin.
Mütəmadi olaraq Medianın İnkişafı Agentliyi ADA Universiteti ilə birgə jurnalistlər üçün yerli və xarici mütəxəsislərin iştirakı ilə təlimlər təşkil edir. "Bakı-Xəbər" qəzetinin əməkdaşı olaraq mən də bu təlimlərin bir neçəsinə qatılmışam.
Sentyabrın 27-28-də Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə ADA Universitetində “Xarici siyasət üzrə ixtisaslaşmış jurnalistlərin xəbər qaynaqları: Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar” mövzusunda təlim keçirildi. Jurnalistlərin maariflənməsi, ünsiyyətini genişləndirilməsi, yeniliklərlə tanış olması, öyrənməsi üçün böyük əhəmiyyət daşıyan təlimdə biz ADA Universitetinin prorektoru, Diplomatiya və İnkişaf İnstitutunun direktoru Fariz İsmayılzadəni və
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayevi dinlədik, onların verdikləri informasiyalar ətrafında qızğın diskussiya, maraqlı müzakirə keçdi, qarşılıqlı sual-cavab oldu.
ADA Universitetinin prorektoru, Diplomatiya və İnkişaf İnstitutunun direktoru Fariz İsmayılzadənin "Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərdə yeni reallıqlar" mövzusundakı çıxışı doğrudan da çox canlı, dinamik idi. Xarici siyasət sahəsində yazan jurnalistlərin hansı məlumatı necə yaymalı olduğu da incəliklə izah olundu.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayevin məruzəsi bizə müsbət təsir göstərdi, biz ondan fəaliyyətimizə müsbət təsir edən informasiyalar aldıq.
Xarici siyasətdə medianın rolundan, 44 günlük Vətən müharibəsində və son lokal antiterror tədbirlərində yerli və xarici medianın rolundan, dövlət kommunikasiyasından danışan C.Musayevin məruzəsi də yadda qalan oldu. Bütün hallarda, media mənsubları üçün bu cür təlimlərin təşkili çox müsbətdir, bütövlükdə Medianın İnkişafı Agentliyi və ADA Universitetinin bu layihəsi də uğurlu və faydalı nəticələri ilə yadda qalır...
İradə SARIYEVA