Məlum proseslərin fonunda Fransanın ermənipərəst həyasızlığı daha da artır. Fransanın xarici işlər naziri Ketrin Kolona bəyan edib ki, Fransa Ermənistanla müdafiə sahəsində də əlaqələri gücləndirib.
“Hərbi attaşe Fransanın İrəvandakı səfirliyində olacaq. Və sonra tezliklə sərhəddən çox da uzaq olmayan Sünik (Zəngəzur) bölgəsində konsulluq açacağıq. Ona görə də hesab edirəm ki, bu, Fransanın Ermənistanı güclü dəstəklədiyinin əyani sübutudur”-o bildirib.
Fransız nazir ermənipərəst mövqeyinin davamında bunları iddia edib: “Rusiyanın Ermənistanı tərk etməsi və Azərbaycanın hərbi əməliyyatlarına şərik olması beynəlxalq diplomatik addımları daha da zəruri edir. Fransanın yanında, ümid edirəm ki, biz Avropanı görəcəyik, o bu reallığı nəzərə almalı, Ermənistanın ərazi bütövlüyünə hörmət etmək və Qarabağ ermənilərinin yaşamaq hüququnu qorumaq üçün bizimlə birgə çalışmalıdır. Bizim etdiyimiz budur”.
Ümumiyyətlə, Fransa nə istəyir? Davamlı olaraq aşırı ermənipərəst mövqe sərgiləməkdə məqsədi nədir?
“Vətən müharibəsi və onun nəticələri Fransanın bütün planlarını alt-üst etdi”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafanın fikrincə, Fransa bununla ənənəvi ermənipərəst siyasətini davam etdirir: “Fransanın xarici işlər naziri Ketrin Kolonanın narahatlığı başadüşüləndir. Məsələ ondadır ki, Fransa zatən uzun illərdir erməniləri himayə edir. İndi isə bunu açıq formada ifadə edirlər. Ümumiyyətlə, Fransa, Ermənistan, İran - bu dövlətlər bir blokdadılar. Düzdür, son vaxtlar İran bir az öz qınına çəkilib. Ancaq Fransa Ermənistanı fəal şəkildə müdafiə etməkdə davam edir. Zatən biz fərqindəyik ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa uzun illər ərzində yalnız Ermənistanı müdafiə etdi və status-kvonun qorunmasına çalışdı. Azərbaycanlıların həm Ermənistandan, həm Qarabağdan etnik təmizlənməsinə səsini belə çıxarmadı. Ümumiyyətlə, orada baş verən soyqırımları görməzdən gəldi. İndi isə açıq erməniçiliyini ortaya qoyur. Düzdür, Fransa bununla həm də erməni icmasının başını qatmağa, onları sakitləşdirməyə çalışır. Ancaq istənilən halda Fransa birmənalı şəkildə erməniləri mövqeyindən çıxış edir. Əvvəl ərazilərimiz işğal altında idi və Fransa hesab edirdi ki, zaman Ermənistanın xeyrinə işləyir. Düşünürdülər ki, əvvəl-axır Azərbaycan işğalla barışacaq. Ancaq 44 günlük Vətən müharibəsi və onun nəticələri Fransanın bütün planlarını alt-üst etdi. Məhz bu səbəbdən Fransa hər keçən gün daha da azğınlaşır. Fransanın məqsədi Ermənistanda Rusiyanı əvəzləməkdir. Rusiyanın Ukraynaya hücumundan sonra Paris-Moskva münasibətləri pisləşib. Üstəlik, Ermənistanda artan antirus ovqatı da Fransanın maraqlarına işləyir. Onlar həm bunun fərqindədilər, həm də yaranmış situasiyadan maksimum yararlanmağa çalışırlar. Ona görə də xarici işlər naziri Ketrin Kolona ermənidən çox erməni kimi davranır. Ancaq rəsmi Paris nə etsə də, hansı hoqqadan çıxsa da Qarabağ zəfərimizin nəticələrini dəyişə bilməyəcək”.
Vidadi ORDAHALLI