Məlum olduğu kimi, Azərbaycan Dövlət Sərhəd Xidməti qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” Ruben Vardanyanı həbs edib.
Kreml sözcüsü Dmitri Peskov isə Vardanyanı, Rusiya vətəndaşlığı olacağı halda müdafiə edəcəklərini bildirib.
Xatırladaq ki, ötən ilin sentyabrında Vardanyan videomüraciət yayaraq, Rusiya vətəndaşlığından çıxdığını və Qarabağa gəlmək istədiyini bildirmişdi.
Ötən il dekabrın 22-də də Rusiya Prezidenti Vladimir Putin fərman imzalayaraq, Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarmışdı.
Bir sözlə, Ruben Vardanyan Rusiya vətəndaşı olmadığı üçün Kremlin onu müdafiə etmək hüququ yoxdur.
Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Peskovun bu açıqlamasını ikibaşlı kimi də qəbul etmək olar: “Çünki burda bir tərəfdən deyir ki, Ruben Vardanyan Rusiya vətəndaşı olsa, biz onu müdafiə edəcəyik. İctimaiyyətə açıqlanan məlumatlara görə, o, Rusiya vətəndaşlığından könüllü olaraq imtina edib. Buna görə də, Rusiya onu müdafiə etməməlidir. Digər tərəfdən, bu açıqlama həm də zəmin formalaşdırmaq üçün edilə bilər. Bəlli ola bilər ki, Vardanyan əslində rus vətəndaşlığından çıxma məsələsini tam yekunlaşdırmayıb və yaxud sonradan ərizə ilə geri götürüb. Mən düşünürəm ki, gələcəkdə Vardanyanın müdafiəsinin qarşısı da alına bilər. Vardanyan Rusiya rəhbərlərinə kifayət qədər yaxın bir şəxsdir. Onların qara kassası kimi fəaliyyət göstərib, çirkli maliyyə əməliyyatlarında iştirak etdiyi ehtimal olunur. Vardanyan 30 - dan çox ölkədə valyuta əməliyyatları aparıb, bank filialları yaradıb. Bu 30 ölkənin hər biri həm də Rusiya dövlətinin xüsusi xidmət orqanları ilə bağlıdır. Vardanyan hətta qlobal silah ticarəti ilə də məşğul olan bir şəxsdir. Vardanyanın bu əlaqələri Qərbi o qədər narahat edib ki, onun adını da sanksiyalar siyahılarına salmaq istəyirdilər. Sadəcə, onun şəxsi münasibətləri, Amerikada olan erməni lobbisi ilə və digər şəxslərlə olan əlaqələri var. Bu münasibətlərdən istifadə edərək, sanksiyalardan kənarda qalıb. Rusiyada neçə böyük oliqarxlar bu sanksiyalardan kənarda qala bilmədiyi halda, Vardanyan bunu bacarıb. Ona görə də, bu əlaqələri bildiyi üçün, ola bilsin, Rusiya Vardanyanı Azərbaycanın əlində uzun müddət saxlamasın və imkan verməsin ki, Azərbaycan ondan bütün sirləri öyrənsin. Tam tərsi düşünülən bir variant da var. ABŞ - da indi demokratlar hakimiyyətdədir. Demokratlarla Rusiya hakimiyyətinin münasibəti çox pisdi, heç vaxt yaxşı olmayıb. Daha çox Rusiya respublikaçılarla müəyyən qarşılıqlı əlaqələr qura bilir, dil tapır. Ola bilsin, belə bir ehtimal da var ki, Vardanyanın qəsdən Azərbaycanın hüquq-mühafizə orqanlarının əlinə keçməsinə şərait yaradıblar. İstəyirlər ki, Azərbaycan onu sorğulasın, liberal çevrə ilə olan əlaqələri də üzə çıxsın. Respublikaçılar da bundan növbəti seçkilərdə demokratlara qarşı istifadə etsinlər”.
Məhəmmədəli QƏRİBLİ