Məlum olduğu kimi, sentyabrın 27-də “Laçın” dövlət sərhəd buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Ermənistan hökuməti “Qarabağın keçmiş dövlət naziri” kimi təqdim olunan rusiyalı milyarder Ruben Vardanyanın müdafiəsi məsələsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edib.
Hökumətin sözçüsü Asmik Samvelyan bu barədə deyib: “Biz ayrıca olaraq Bakıdan Vardanyanın saxlandığı yer və sağlıq durumu barədə məlumat tələb etmişik”.
Ermənilər Vardanyan barədə Avropa məhkəməsinə şikayət verib. Maraqlıdır, Avropa məhkəməsi məlum məsələ ilə bağlı Azərbaycana təzyiq edə bilərmi?
“Ermənistan tərəfi Avropa Məhkəməsinə müraciət edə bilər, bu adi prosedur qaydasıdır, bununla bağlı Azərbaycana təzyiq edilə bilməz”
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan tərəfi Avropa Məhkəməsinə müraciət edə bilər. Bu adi prosedur qaydasıdır: “Bununla bağlı Avropa Məhkəməsi Azərbaycana təzyiq edə bilməz. Çünki Azərbaycan hər zaman Avropa Məhkəməsinin sorğularını qəbul edib və lazımi şəkildə də cavab verib. Onu da deyim ki, Azərbaycan tərəfindən də Ermənistanla bağlı Avropa Məhkəməsinə müraciət edilib. Xatırladım ki, azərbaycanlı əsgərlər ermənilər tərəfindən tutulan zaman onlara edilən işgəncə ilə bağlı ölkəmiz Avropa Məhkəməsinə müraciət etmişdi”.
Həmsöhbətimizin sözlərinə görə, Ruben Vardanyan Qarabağda separatçılıq və terrorçuluq fəaliyyətinə təşkilatçılıq edərək terrorizmin bölgədə aktivləşməsində ciddi rol oynayıb. Yerli erməni icmasını Azərbaycan qanunlarına tabe olmamağa çağırıb, ərazi bütövlüyümüzə açıq-aşkar təhdid yaradıb, həmçinin etnik zəmində münaqişəni körükləyərək ölkəmizin sərvətlərinin qanunsuz olaraq talanmasında yaxından iştirak edib. Həmçinin onun əməlində müharibə və insanlıq əleyhinə olan cinayətlərin tərkibi var. Bundan başqa o, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib. Vardanyan Qarabağda ekoloji cinayətlər də törədib. Onun cinayət tərkibli əməllərinə Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış, separatçı qüvvələrə rəhbərlik, müharibəyə açıq çağırış kimi hərəkətlər də daxildir”
Bir sözlə, onun təqsirli olduğunu sübut edən yetəri qədər faktlar var. Erməni milyarderin əsas məqsədlərindən biri separatizmin genişlənməsinə çalışmaq idi. Məlumat üçün deyim ki, terrorçuluğu maliyyələşdirmə, açıq çağırışlar, bu məqsədlə təlim keçmək ağır və xüsusilə ağır cinayətlər olmaqla çox sərt şəkildə cəzalandırılır. Hüquq-mühafizə sistemi bu məsələnin rahatlıqla istintaqını aparacaq”.
Günel CƏLİLOVA