ABŞ-ın Azərbaycandakı səfirliyinin 27 Sentyabr – Anım Günü münasibətilə etdiyi paylaşım diqqətləri cəlb edib.
“Sentyabrın 27-də Azərbaycanın Anım Günündə Azərbaycan və Ermənistan arasında münaqişədə həlak olanların ailələrinə başsağlığı veririk. Bu gün Səfirliyimiz münaqişədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir” – deyə paylaşımda bildirilib.
Yeri gəlmişkən, erməni mediasının məlumatına görə, ABŞ-ın Ermənistandakı səfirliyi də 27 sentyabrı Anım Günü kimi qeyd edib. Əslində, ermənilər 27 sentyabrı özləri üçün fəlakət hesab edir. Amma ABŞ səfirliyi bunu Azərbaycanda olduğu kimi tarixi gün sayır.
ABŞ səfirliyinin Azərbaycanın Anım gününü qeyd etməsinin nə kimi anlamları var? Bu, Azərbaycanın vətən savaşına, antiterrordan sonrakı reallıqlara dəstəyi sayıla bilərmi?
“Buna da müsbət yanaşmaq lazımdır”
AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində “Sentyabrın 27-də hamımız Anım Gününü qeyd etdik. ABŞ səfirliyinin Azərbaycana başsağlığı verməsi və 27 sentyabrı Anım günü kimi qeyd etməsi o deməkdir ki, onlar artıq reallığı qəbul edirlər. Bunun nəticəsidir ki, ABŞ-ın həm Azərbaycandakı, həm də Ermənistandakı səfirliyi 27 sentyabr Anım Gününə ölkəmizdə olduğu kimi tarixi gün kimi yanaşır.
ABŞ-ın demokratik bir ölkə olduğu məlumdur. Rusiyadan fərqli olaraq, regionda sülhün yaranmasına can atır, vasitəçilik edir. Müharibənin yenidən başlanması nə ABŞ-ın, nə Avropa Şurasının mənafeyinə uyğundur. Ona görə də 27 sentyabrda şəhid olanların xatirəsini onlar da bizim kimi anırlar və səfirliyin də bu prosesdə iştirakını müsbət qəbul etmək olar.
Qaldı məlumatlara görə ABŞ-ın Ermənistandakı səfirliyinin də bu günü Anım Günü kimi qeyd etməsinə, onlar bildirmək istəyirlər ki, hər iki tərəfdən insanların həlak olmasını istəmirlər. Görünür, məqsədləri “ABŞ müharibə istəmir və bölgədə sülhün bərqərar olmasının tərəfdarıdır” mesajını verməkdir. Eyni zamanda Azərbaycanın öz ərazisi olan Qarabağda suverenliyini bərpa etməsini, bu reallığı qəbul edir. Buna da müsbət yanaşmaq lazımdır”-deyə bildirdi.
M.Zülfüqarlının sözlərinə görə, artıq dünya bilir ki, burada prosesləri həmişə qızışdıran Rusiya olub...O hesab edir ki, ABŞ-da müəyyən dövlət adamlarının, senatorların və sair ermənipərəst mövqeyinə baxmayaraq, ABŞ artıq reallığı dərk edir və bu kimi jestlərlə Azərbaycanın addımlarını qiymətləndirir.
İradə SARIYEVA