Azərbaycan 2020-ci il noyabr müharibəsində qələbə qazandığı andan ölkənin Qarabağ üzərində suverenliyinin bərpası qaçılmaz idi.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin ən böyük beyin mərkəzlərindən biri olan Hadson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran özünün "X" (keçmiş Tvitter) sosial şəbəkə səhifəsində yazıb.
"Beynəlxalq hüquq, əsas oyunçular [ABŞ, Rusiya, Türkiyə] Qarabağı Azərbaycanın ərazisi olaraq qəbul edirlər. Bakının vəziyyəti nəzarətə götürməsi sadəcə zaman məsələsi idi", - deyə o qeyd edir.
İran əsilli amerikalı şərhçi və redaktor Söhrab Ahmarinin Azərbaycanın "etnik təmizləmə" yolu ilə guya erməniləri Qarabağdan "sıxışdırıb çıxardığı"na dair iddialarına rəy bildirən Maykl Doran yazır ki, bunu sübut edən fakt yoxdur.
"Bu, ermənilərin könüllü seçimidir, etnik təmizləmə deyil. Etnik təmizləmə ermənilərin 1-ci Qarabağ müharibəsində uşaqları və qocaları öldürmələridir", - deyə o vurğulayıb.