“ABŞ Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Dağlıq Qarabağda həyata keçirdiyi hərbi əməliyyata “adekvat cavab” imkanını nəzərdən keçirir”. Bunu Ermənistanda səfərdə olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer deyib.
S.Pauer daha sonra bunları qeyd edib: “ABŞ dövlət katibi Blinkenin və onun müavini Yuri Kimin Dağlıq Qarabağda silahlı qüvvədən istifadənin qəbuledilməz olduğu barədə bəyanatlarına baxmayaraq, bu qüvvədən istifadə edilib və ABŞ buna adekvat cavab verməyi düşünür. Kimin qeyd etdiyi kimi, biz bölgənin təhlükəsizliyinə yardımımızı nəzərdən keçiririk, lakin mən hazırda ABŞ-ın xarici siyasəti və cavab tədbirləri ilə bağlı heç bir nəticə çıxarmaq istəmirəm”.
Onun sözlərinə görə, ABŞ son hadisələrə cavab vermək üçün ümumi çərçivəni nəzərdən keçirir. Pauer ABŞ-ın hansı vasitələrdən istifadə edə biləcəyini dəqiqləşdirməyib və belə vasitələrin kifayət qədər olduğunu qeyd edib: “Vaşinqtonda hansı uyğun addımların atılacağı ilə bağlı çox yüksək səviyyədə müzakirələr gedir”.
Samantanın dediyindən belə məlum olur ki, Azərbaycanın keçirdiyi antiterror tədbirlərinə qarşı ABŞ-dan hansısa alternativ cavab tədbirləri hazırlanır. Maraqlıdır, bu nə tədbirlər ola bilər?
“Ola bilsin ki, Pauer buna eyham vurur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Azərbaycanın antiterror əməliyyatından sonra Birləşmiş Ştatların bununla bağlı mövqeyi təəssüf doğurur. Bu, Azərbaycanın daxili işinə qarışmaq anlamına gəlir. Qarabağda Azərbaycanın mövcud fəaliyyətinə nəzarət etmək üçün beynəlxalq missiyanın yaradılması təşəbbüslərinə ABŞ dəstək verir. Ola bilsin ki, Pauer buna eyham vurur. Ancaq o da bir reallıqdır ki, Birləşmiş Ştatlar regionda öz mövqelərini gücləndirməyə çalışır. Ümumiyyətlə, ABŞ-ən bununla bağlı Azərbaycana hər hansı bir sanksiya tətbiq etməsi gözlənilmir. Beynəlxalq missiyanın yaradılması və bu istiqamətdə Azərbaycana qarşı təzyiq nəticə verməyəcək. Məsələ ondadır ki, Azərbaycan Qarabağ ermənilərinə yönəlik hansısa etnik təmizləmə siyasəti aparmır. Azərbaycan reinteqrasiya siyasətini uğurla həyata keçirir. Hansı etnik erməni Qarabağda yaşamaq istəyirsə, buyursun. Bunun şərtləri Azərbaycan vətəndaşlığını qəbul etməkdir. Ən başlıcası, bu, Azərbaycanın daxili işidir. Birləşmiş Ştatlar bu istiqamətdə Azərbaycana qarşı erməni lobbisinin təlimatı ilə hərəkət edir. Halbuki, Vaşinqton bu yöndə mütləq şəkildə Azərbaycanla koordinasiyali çalışmalıdır. Azərbaycan özü erməni nümayəndələri ilə intensiv şəkildə danışıqlar aparır. Bir çox məsələlər razılaşmalar əsasında həyata keçirilir. Ona görə də ABŞ yaxşı olardı ki, bu məsələlərə qarışmasın”.
Vidadi ORDAHALLI