Erməni mediası məlumat yayıb ki, 26 sentyabr saat 20:00-a olan məlumata görə, 28 120 erməni sakin Qarabağı tərk edib. Qarabağda 30 min erməninin ancaq ola biləcəyini nəzərə alsaq, onda belə qənaətə gəlmək olar ki, ermənilər Qarabağı tam tərk etməyi düşünür və bu prosesin əhəmiyyətli hissəsi baş tutub. Bu tam baş versə, ermənilərin sonradan etnik təmizləmə kimi yalanları ilə üz-üzə qala bilərikmi və onların bu sayaq arqumentləri nə dərəcədə əsaslı sayıla bilər?
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “DW” nəşrinə açıqlamasında deyib ki, Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir. Onun sözlərinə görə, Qarabağı tərk etmək sakinlərin şəxsi və fərdi qərarlarıdır.
Prezidentin köməkçisi əlavə edib ki, antiterror tədbirləri zamanı Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə alınmayıb. Qeyd edək ki, ermənilərin Qarabağı tərk etməsi həm də həmin ərazidə nə qədər erməni olduğunu dəqiqləşdirmiş olacaq. Çünki bununla bağlı müxtəlif rəqəmlər səslənib. Ermənilərin özü bu sayın 120 min, Putin 57 min, Prezident Əliyev isə 25-30 min olduğunu deyir.
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağdakı ermənilərin sayı Ermənistan hökuməti tərəfindən daima şişirdilib: “Proseslərin gedişi göstərir ki, ermənilərin böyük əksəriyyəti Qarabağı tərk edəcək. Ancaq bəzi məlumatlar onu deməyə əsas verir ki, qalanlar da olacaq. Azərbaycanın Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacyev bildirib ki, Qarabağ erməniləri arasında Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edənlər də var.
Onun sözlərinə görə, həmin şəxsləri daha çox təhlükəsizlikləri və sağlamlıqları ilə bağlı məsələlər maraqlandırır.
Qurumun rəsmisi vətəndaşlıqla bağlı müraciət edən erməni əsilli şəxslərin müraciətinə müvafiq qaydada baxılacağını diqqətə çatdırıb.
Prezident İlham Əliyev Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla müzakirələr zamanı Qarabağdakı ermənilərin bütün hüquqlarının – təhsil, mədəniyyət, din, bələdiyyə, seçki digər hüquqlarının təmin olunacağını bildirib.
Azərbaycan hökuməti Qarabağda sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli ilə bağlı işçı qrupu yaradıb. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilərin etnik təmizləmə ilə bağlı iddiaları ola bilməz. Çünki prosesin hamısı qeydə alınır. Eyni zamanda, Azərbaycanı tərk edən ermənilərin sayı ilə bağlı uçot da dəqiq aparılır. Ermənistanın rəsmi qurumları Azərbaycanı tərk edən qarabağlı ermənilərin sayını bilərəkdən şişirdirlər.
Məqsəd "120 min qarabağlı erməni" mifini bu dəfə daha aktiv təbliğat vasitəsinə çevirməkdir.
Hazırda RSK-nın müvəqqəti nəzarətindəki ərazilərdə separatçılar təşviş və panika mühiti yaradır, onların erməniləri zorla köçə vadar etdikləri deyilir. Rusiyalı sülhməramlılar həmişəki kimi, baş verənləri sadəcə müşahidə edirlər. Ermənistana yollanmış qarabağlı ermənilər isə elə qorxudulublar ki, burada, Laçında jurnalistlərimizə açıqlamalarında heç bir təzyiqlə üzləşmədiklərini deyən qarabağlı ermənilərin çoxu Gorusda erməni jurnalistlərə müsahibələrində "əzab-əziyyət gördüklərini, canlarını götürüb qaçdıqlarını" deyirlər”.
Məhəmmədəli QƏRİBLİ