Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, İran hazırda bu məsələyə müsbət yanaşır:
“Digər tərəfdən, bizim bu (Naxçıvana) səfərimiz bir daha Türkiyə-Azərbaycan qardaşlığının, "iki dövlət, bir millət" ruhunun bütün dünyaya bəyanıdır. Necə ki, BMT-nin tribunasında bunu bəyan etmişik, necə ki, Azərbaycanın doğma yurdu Şuşada bəyan etmişik, bunu hər yerdə həm sözümüzlə, həm də əməlimizlə nümayiş etdirmişik”.
Ərdoğanın Ermənistana etdiyi bu xəbərdarlıq nə dərəcədə əsaslıdır və İrəvan bundan hansı nəticəni çıxara bilər?
Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ərdoğanın etdiyi bu xəbərdarlıq tam əsaslıdır və Ermənistan bundan ciddi nəticə çıxarmalıdır: “Çünki Zəngəzur dəhlizinə İran ərazisindən paralel yolun çəkilməsi ilə bağlı razılıq xeyli müddət əvvəl əldə olunub. Hətta bu istiqamətdə bəzi addımlar da atılıb. İran İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda tarazlığın dəyişməsini özünün milli təhlükəsizliyinə, eləcə də orta və uzunmüddətli perspektivdə geosiyasi və geoiqtisadi maraqlarına təhdid kimi qiymətləndirir. İran rəsmi olaraq Qarabağın müharibə nəticəsində Azərbaycana qaytarılmasına etiraz etmədi. Amma Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin qəti əleyhinədir. Çünki Tehran bilir ki, bu dəhliz reallaşarsa, ikitərəfli münasibətlər kontekstində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı əlaqə üzərindəki imtiyazını itirəcək. Zəngəzur dəhlizinin reallaşması ilə İran nəinki bu üstünlüyünü itirəcək, həm də regional səviyyədə geosiyasi əhəmiyyəti azalacaq. İran yaxınlığındakı türk cümhuriyyətləri ilə Türkiyə arasında birbaşa quru əlaqəsi Ankaranın Asiya və Orta Asiya ilə rabitəsini təmin edəcək və İranın türk dünyasında geosiyasi önəmini xeyli zəiflədəcək. Çindən Qərbə uzanacaq Şərq-Qərb dəhlizi Zəngəzur üzərindən reallaşarsa, İran təkcə regional deyil, həm də qlobal miqyasda geostrateji üstünlüklərini xeyli itirmək ehtimalı ilə üzləşəcək. Bununla yanaşı, İran həm də iqtisadi mənfəət əldə edə bilmir. Bu baxımdan da, İran üçün bu göydəndüşmə təklif olar. Həm iqtisadi maraqlarını təmin edər, həm də əsassız olaraq ortaya atdığı geosiyasi maraqlarına “təhdid” şübhəsindən əl çəkər. Əslində, bütün bunlardan sonra Ermənistan papağını qabağına qoyub ciddi düşünməlidir. Bu şans onun əlindən hər an çıxa bilər, çünki real alternativ var”.
Ərdoğan eyni zamanda bildirib ki, bu mövzuda İrandan müsbət siqnallar alınıb. İranın
bu təklifə müsbət baxdığı açıqlanıbsa, onda Ermənistan hər an oyundankənar vəziyyətə düşə bilər. Necə olursa-olsun bu dəhliz açılacaq. Heç kim buna mane ola bilməyəcək.
Məhəmmədəli QƏRİBLİ