Antiterror əməliyyatından sonra Qarabağın erməni əhalisi bölgəni tərk edir. Onlar təkcə daşınmaz əmlakları yandırmır, həm də qəbiristanlıqdakı ölülərinin qalıqlarını da çıxarıb Ermənistana aparırlar.
Sosial şəbəkələrdə yayılan videolarda buna dair görüntülər müzakirələrə səbəb olub. Ermənilər bundan da Azərbaycan əleyhinə təbliğat aləti kimi istifadə etməyə cəhd göstərirlər. Məqsəd illər sonra, yaxud yaxın gələcəkdə Azərbaycanı və azərbaycanlıları vandalizmdə ittiham etməkdir.
Xatırladaq ki, analoji hadisə 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı da baş vermişdi. Atəşkəs bəyanatının imzalanmasından sonra bir sıra əraziləri tərk etməli olan ermənilər 27 ildən çox işğal altında qalmış Kəlbəcər rayonundan çıxarkən məzardakı ölülərini də çıxarıb aparırdılar.
“Ermənilər bizi vandalizm, hansısa mədəniyyət abidəsini məhv etməkdə ittiham edə bilməz, çünki bu cür vəhşilikləri ancaq özləri edə bilər”.
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bütün dünyanın gözü qarşısında Qarabağdakı erməni icmasının azsaylı nümayəndələri Azərbaycanı tərk edir. Bu hadisə dünyanın gözü qarşısında baş verir: “Müxtəlif dövlətlər, beynəlxalq qurumlar Azərbaycan dövlətinə müraciət edərək ermənilərin hüquq və təhlükəsizliyini xatırladır. Azərbaycan tərəfi də onlara bildirir ki, bununla bağlı heç bir problem yoxdur. Həqiqətən də, dövlətimiz Qarabağdakı kiçik erməni icmasının hüquq və təhlükəsizliyini təmin etməkdə qərarlıdır. Prezident İlham Əliyevin özü dəfələrlə çağırışlar edib, eyni zamanda, hökumət nümayəndələri də məlum mövzu ilə bağlı heç bir problemin olmayacağını bildiriblər. Kimsə Qarabağı tərk etmək istəyirsə onları heç kim zorla saxlayan deyil. Əslində, erməni təbliğat maşını arzu edirdi ki, biz onları məcburi şəkildə saxlayaq, onlar da bu vəziyyətdən istifadə edib şou düzəltsinlər. Azərbaycan dövləti isə onlara açıq seçim qoyub, istəyənlər qalsın, getmək istəyənlər isə getsin. Qalmaq istəyənlərə Azərbaycan dövləti sahib çıxacaq, Olduqca şəffaf bir proses müşahidə olunur. Onu da nəzərə almaq lazımdır ki, ermənilərlə nə qədər yaxşı davranılsa da, onlar yenə öz bildiklərini etməyə davam edəcəklər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, çıxıb gedən ermənilərin bəziləri gedərkən həm evlərini yandırır, həm də ölülərini məzardan çıxarıb özləri ilə aparır. Ümumiyyətlə, yandırmaq və cəsəd daşımaq ermənilərin artıq xarakterik xüsusiyyətinə çevrilib: “Ermənilər bizi vandalizm, hansısa mədəniyyət abidəsini məhv etməkdə ittiham edə bilməz. Çünki bu cür vəhşilikləri ancaq özləri edə bilər”.
Günel CƏLİLOVA