“Birləşmiş Ştatlar Azərbaycanın Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməsinə nəzarət edəcək beynəlxalq missiyanın yaradılması üzərində işləyir”. Yerli mətbuat xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Onun sözlərinə görə, Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinin qorunacağına zəmanət vermək üçün beynəlxalq missiya zəruridir.
Miller əlavə edib ki, belə bir təşəbbüs hazırda “aktiv müzakirə olunur” və ABŞ müttəfiqləri ilə məsələ üzərində işləyir.
Bundan əvvəl ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer də İrəvana rəsmi səfəri zamanı Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini qiymətləndirmək üçün Qarabağda beynəlxalq missiyanın zəruri olduğunu demişdi.
“Biz Azərbaycanı atəşkəs rejiminə riayət etməyə və Qarabağda mülki şəxslərin hüquqlarını qorumaq üçün konkret addımlar atmağa çağırırıq. Prezident Əliyev etnik ermənilərin hüquqlarına zəmanət verib, Azərbaycan bu vədi yerinə yetirməlidir”, - Pauer mətbuat konfransında bildirmişdi.
“Kreml hələlik ABŞ-ın Qarabağ üzrə beynəlxalq müşahidə missiyası yaratmaq ideyasında heç bir konkretlik görmür”. Mətbuata görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Qarabağda hər hansı missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər", - o deyib.
Bundan başqa, Peskov həm Bakı, həm də İrəvanla, o cümlədən, Qarabağın erməni sakinləri ilə təmasları davam etdirdiyini əlavə edib.
Hansı missiyadan söhbət gedə bilər? Belə bir missiyaya ehtiyac varmı? Hər halda Azərbaycan öz daxilindəki prosesləri özü həll etməyə qadir olduğunu nümayiş etdirdi.
Gördüyünüz kimi, bu məsələ ilə bağlı Rusiyanın və ABŞ-ın fikirləri fərqlidir. Buna necə şərh vermək olar?
“...Mövcud vəziyyət bölgəyə beynəlxalq missiyanın göndərilməsinə əsas vermir”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində “Artıq məlum olduğu kimi, Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı aparıb. Telefon danışığında hazırda Qarabağda yaranmış vəziyyət, xüsusən də lokal antiterror tədbirlərindən sonra yaranmış vəziyyət geniş müzakirə olunub. Belə bir informasiya da yayıldı ki, Birləşmiş Ştatlar bölgəyə beynəlxalq missiyanın göndərilməsinin tərəfdarıdır. Amma hesab edirəm ki, buna elə ciddi zərurət yoxdur. Birincisi, keçirilən antiterror tədbirləri, eləcə də ondan əvvəl və sonra mövcud olan vəziyyət bölgəyə beynəlxalq missiyanın göndərilməsinə əsas vermir. Çünki Azərbaycan ordusunun hədəfi yalnız bölgədəki qanunsuz strukturlar, vaxtilə mövcud olmuş qondarma cinayətkar rejim, onun qalıqları, erməni hərbi birləşmələri olub. Hətta bunu antiterror tədbirlərindən sonra Ermənistanın baş naziri də qeyd etmişdi ki, Azərbaycan mülki əhaliyə zərər vurmayıb, yalnız hərbi obyektlər Azərbyacan ordusu tərəfindən hədəf götürülüb. Yəni qeyd etdiyimiz kimi, Azərbaycan bölgədə humanitar fəlakət yarada biləcək hər hansı bir addım atmayıb. Dövlət müstəqilliyimizi bərpa etdiyimiz bu 32 ildə də ölkəmiz heç zaman nə öz vətəndaşlarına, nə də digər ölkələrin vətəndaşlarına qarşı qeyri-humanist, beynəlxalq hüquq normalarına, ölkə qanunlarına zidd addımlar atmayıb, bu, dövlətimizin siyasətinin mahiyyətinə də uyğun deyil. Amma məsələnin digər tərəfi ondan ibarətdir ki, biz bütövlükdə Qarabağda baş verən prosesləri ölkəmizin daxili işi hesab edirik. Hesab edirik ki, həmin problemlər yalnız Azərbaycan dövlətinin müvafiq orqanları tərəfindən həll oluna, yaxud Qarabağın erməni əhalisinin nümayəndələri ilə müzakirə oluna bilər. Bunun üçün hansısa beynəlxalq vasitələrə, beynəlxalq mexanimzlərə ehtiyac yoxdur”-deyə bildirdi.
M.Məmmədlinin sözlərinə görə, ABŞ-ın bəzi rəsmiləri tərəfindən bu məsələ ilə bağlı Azərbaycana qarşı düzgün olmayan mövqenin nümayiş etdirilməsi təəssüf doğurur, bu da, təbii ki, ikitərəfli münasibətlərə zərər vurur. “Eyni zamanda ABŞ-ın təklifi ilə bağlı Peskov açıqlama verib. Bu məsələdə biz, təbii ki, Rusiyanın mövqeyini daha rasional, daha doğru yanaşma hesab edirik. Həqiqətən də Azərbaycanın razılığı olmadan bölgəyə beynəlxalq missiyanın göndərilməsi nə beynəlxalq hüquq normalarına, nə də siyasi normalara uyğun olardı.
ABŞ-dan fərqli olaraq, Rusiyanın son aylarda ölkələrimizin maraqları baxımından daha rasional, daha adekvat mövqe nümayiş etdirməsinin səbəbi, hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsinin doğurduğu nəticələrdir”-deyə qeyd etdi.
İradə SARIYEVA