Tarixi ədalətin bərpa olunacağı günü uzun illərdir ki, gözləyirdik. 30 il ərzində torpaqlarımızda separatçıların qurduğu “yuvalar” artıq dağılıb. Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, daha neçə-neçə ərazimizdə terrorçu ünsürlərin izləri silinib atılır. Çox təəssüf ki, beynəlxalq qurumların məsələyə seyrçi qalması nəticəsində 30 il separatçılar, terrorçular Qarabağ torpağında qanunsuz əməllərlə, cinayətlərlə məşğul oldular.
Amma gün yetişdi və lokal antiterror tədbirləri nəticəsində “bildırçının bəyliyinə” son qoyuldu, separatçılar dəliklərə doluşdular. Azərbaycanlılar öz ata-baba evlərindən zorla qovulduqdan sonra xaricdən, eləcə də Ermənistan ərazisindən aldadıb şirnikləndirib gətirdikləri və torpaqlarımlızda məskunlaşdırdıqları ermənilər artıq geriyə “evlərinə” qayıdırlar. Maraqlıdır ki, onlar gedərkən 44 günlük müharibə zamanı Azərbaycan ordusuna qarşı vuruşub ölmüş separatçıların şəkillərini Xankəndinin mərkəzindən yığışdırırlar. Ermənilər özləri Xocavənddə terroçu Melkonyana qoyduqları “abidə”ni də söküblər. Azərbaycan xalqına zülm edən, çıxmaq üçün kəlbəcərlilərə 10 saat vaxt verən və tükürpədici cinayətlər törədən M.Melkonyanın 1993-cü ildə çəkilən üzdəniraq videosu onun kimliyini açıq şəkildə göstərir. 1993-cü ildə Ermənistanın Qarabağı işğalı zamanı Kəlbəcərdə lentə alınan videoda Kaliforniya əsilli erməni terrorçu Monte Melkonyan və dəstəsi mühasirədə olan yerli əhalidən 10 saat ərzində şəhəri tərk etmələrini tələb edir. Qarabağı işğal edən ermənilər o dövrdə işğal etdikləri Azərbaycan torpaqlarında yaşayan 1 milyon yerli Azərbaycan türkünə öz torpaqlarında yaşamaq şansı vermədilər. Bu günahsız dinc əhalinin yeganə yolu qaçmaq idi, əks halda onlar Kəlbəcərdə qalan 1000 dinc sakin kimi qətlə yetiriləcəkdilər...
Bu gün terrorçu xuntanın özü kimi Qarabağ ərazisindəki bütün terrorçu simvolları, canilərə qoyulan “heykəllər“ sökülüb atılır. Montenin heykəlinin ermənilər tərəfindən söküldüyü məlum olsa da, erməni mediası yenə də saxtakarlıq edib onun “abidə”sinin “nəməlum şəraitdə” söküldüyünü iddia edir. Bu gün Qarabağda Melkonyanın “abidə”si söküldü. Amma bu kifayət deyil, çünki ermənilər terrorçulara Ermənistanda da abidələr qoyublar. İrəvanda, Ermənistanın digər yerlərində də terrorçuların, faşist ünsürlərin abidələrinin sökülməsi zərurətə çevrilib. Terrorçuya abidə qoymaq və onları qəhrəmanlaşdırmaq bəşəriyyətə qarşı düşmənçilikdir. Necə ki, bunu Ermənistan edir. Melkonyanın “abidə”si söküldü, bəs Ermənistanda terrorçuların abidəsi nə zaman söküləcək?
“Ermənistanda da terrorçulara, canilərə qoyulan abidələr sökülməlidir”
Xocavənddə Ermənistanın “milli qəhrəmanı”, ASALA terrorçusu Monte Melkonyanın heykəlinin ermənilərin özü tərəfindən sökülməsini tarixi ədalətin bərpası hesab edən Müasir İnkiaf Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan torpağında terrorçu Monte Melkonyanın heykəlinin qoyulması bizi ciddi narahat edirdi və əli azərbaycanlıların qanına batan bu caninin “abidə”sinin zibilliyə atılması müsbət haldır. “Hesab edirəm ki, biz lokal antiterror tədbirlərindən sonra möhtəşəm hadisələrin, tarixi ədalətin bərpasının şahidyik. İstər Milli Qəhrəmanımız Albert Aqarunovun Şuşada vurduğu tankın Bakıya gətirilib Hərbi Qənimətlər Parkında yerləşdirilməsi, istər terrorçuların fotolarının, separatçıların “simvol”larının yığışdırılması, istərsə də, o caninin “abidə”sinin götürülməsi tarixi ədalətin bərpası deməkdir. O caninin “abidəsi”nin sökülüb tarixin zibilliyinə atılması şəhidlərimizin ruhunu şad edir. Hesab edirəm ki, şəhidlərimizin ruhu ondan və başqa canilərdən qisas alır. Şəhidlərimizin qanı tökülən yerdə bir caninin “abidə”sinin olması onların ruhlarını incidirdi”.
Lokal antiterror əməliyyatını və ondan sonra baş verənləri Azərbaycan ictimaiyyətinin müsbət qarşıladığını deyən M.Göyüşlü qeyd etdi ki, bundan sonra da dövlətimizin, ordumuzun, xalqımızın gücü sayəsində biz bu cür hadisələrin şahidi olacağıq. “Azərbaycan torpağında Monte Melkonyan və onun kimi canilərin, terrorçuların, separatçıların heykəlləri, izi-tozu qalmamalıdır və qalmayacaq da. Orada yaşayan ermənilər nə qədər bu məsələdə diqqətli davranarlarsa bunun onlar üçün faydalı nəticələri olar”-deyən M.Göyüşlü qeyd etdi ki, indi də növbə Ermənitanda canilərə qoyulan üzdəniraq abidələrə çatır. O hesab edir ki, Ermənistanda da ermənilər separatçılara, terrorçulara qoyulan heykəlləri sökməlidir, ümumiyyətlə qonşuluğumuzda belə bir halın olması yolverilməzdir. “Fikrimcə, Ermənistanda da terrorçulara, canilərə qoyulan abidələr sökülməlidir. Bunun üçün artıq nümunə var və Montenin, Njdenin, Dronun və başqa terrorçuların, faşistlərin “abidə”ləri yer üzündən silinməlidir”-deyə müsahibimiz vurğuladı.
İradə SARIYEVA