Xankəndi və onun ətrafındakı xunta yuvası dağıdılandan sonra yerində qalan sadə ermənilərin Azərbaycandan köçüb getmələri üçün biz tərəfdən heç bir təzyiq göstərilmədiyi halda, Ermənistan hakimiyyətinin və bəzi başqa qüvvələrin təşkilatçılığı ilə ermənilərin İrəvana kütləvi daşınıb aparıldığı barədə məlumatlar var. Ermənilərin öz mediasında bu günədək 28 minə yaxın adamın İrəvana köçürüldüyü barədə məlumat verilib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Ermənilər özləri Azərbaycandan gedirlər və Paşinyan hakimiyyəti onlar üçün Azərbaycanda birbaşa təhlükənin olmadığı barədə danışmaqla bərabər, çox qəribə məntiqlə onu da deyir ki, azı 40 min ermənini lazım gələcəyi halda Ermənistana təxliyə etmək planlarımız var. Beləliklə, bir tərəfdən təhlükə olmadığını deyirlər, o biri tərəfdən isə özləri erməniləri köçürüb apararaq "etnik təmizləmə" şivəni qoparırlar...
Bunlar məsələnin yalnız görünən tərəfləridir. Mahiyyətdə isə daha dəhşətli mətləblər var. İndi Azərbaycanda hər kəs bu maraqlı sual üzərində düşünür ki, erməniləri ölkəmizdən qovan olmadığı halda, həyatlarına Prezident səviyyəsində təminat verildiyi halda, onlar niyə belə apar-topar daşınıb gedirlər?! Biz onları qovmuruq, təbii ki, əl-ayaqlarına düşüb "qalın" deyə iltimas etmək fikrimiz də yoxdur. Lakin bütün ağıllı adamların versiyasına görə, ortada yeni bir məkrli erməni planının elementləri var...
Saysız mənbələri araşdırmağım nəticəsində belə bir məlumata çatmışam ki, Ermənistan hakimiyyəti Qarabağ iqtisadi zonasından daşıyıb apardığı erməniləri 1988-89-cu illərdə Qərbi Ermənistandan qovulmuş soydaşlarımızın kəndlərində, qəsəbələrində, evlərində yerləşdirirlər, bunu məqsədyönlü şəkildə təşkil edirlər, hətta Qarabağın erməni sakinlərini bəzən maraqlandırırlar da... Ermənistan hakimiyyətinin bu məkrli əməliyyatının arxasında 2 əsas hədəfin olduğuna əminəm.
1. Bütün istiqamətlərdə və mövqelərdə total məğlub olmuş "Ermənistançı qüvvələr" (dövlət, diaspor, lobbi və müttəfiq ölkələr) müəyyən müddətdən sonra Azərbaycanı Qarabağda tam etnik təmizləmədə ittiham etmək üçün baza hazırlayırlar .
2. Qarabağdan köçürülmüş erməniləri 88-89-da qovulmuş Qərbi azərbaycanlıların evlərində yerləşdirməklə Qərbi azərbaycanlıların öz ata-ana ocaqlarına qayıtmalarını əngəlləmək istəyirlər.
Yəqin ki, az sonra Ermənistanın ruporları bağıracaqlar ki, əgər Qarabağda erməni qalmadısa, Ermənistanda niyə azərbaycanlılar olsun?!..
Tahir TAĞIYEV