Paşinyanın yeni məntiqsizliyi - “ermənilərə birbaşa təhlükə yoxdur, bu anda da Qarabağda etnik təmizləmə gedir”...

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə ABŞ dövlət katibinin köməkçisi Yuri Kim də daxildir.
Görüş zamanı Paşinyan qeyd edib ki, guya hazırda Qarabağ ermənilərinə qarşı etnik təmizləmə prosesi davam edir: “Bu hazırda baş verir və çox faciəvi faktdır. Biz bu etnik təmizləmənin baş verəcəyini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışdıq, lakin təəssüf ki, bunun qarşısını ala bilmədik. Ancaq regionumuzda bu vəziyyət və gərginlik artmaqda davam edir. Bundan sonra da gərginliyin və daha da böyük problemlərin qarşısını almaq üçün konkret addımların atılması indi çox vacibdir”.
Hər zaman olduğu kimi, Paşinyan yenə də ziddiyyətli danışır. Bundan əvvəl deyirdi ki, Qarabağda mülki ermənilərin həyatı üçün kütləvi təhlükə yoxdur. İndi isə deyir ki, etnik təmizləməyə məruz qalırlar. Ola bilərmi ki, Paşinyan son vaxtlar Ermənistana ABŞ rəsmilərinin intensivləşən səfərləri ilə əlaqədar onların diqqətini cəlb etməkdən ötrü belə fikirlər səsləndirsin? Yəni İrəvana səfər edən Samanta Pauerə, Yuri Kimə, bəzi konqresmenlərə, Fransa rəsmilərinə özünü göstərmək üçün olmayan “etnik təmizləmə”ni qabardır.
- “Onun bunda bir məqsədi də Qərbdən daha çox maliyyə yardımı qoparmaqdır”
Sözügedən məsələyə aydınlıq gətirən media eksperti Yadigar Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bunu istisna etmədi: “Əvvəla, Paşinyan hakimiyyətə gələndən bəri dəfələrlə bir-birinə zidd açıqlamalarla çıxış edib. Bir-birini təkzib edən fikirlər səsləndirib. Artıq bu sahə üzrə ustalaşıb. İlk dəfə deyil ki, belə açıqlamalarla çıxış edir. Ancaq o da faktdır ki, Paşinyan hər ölkənin dövlət rəsmisi ilə bir cür danışır. Məsələn, Rusiya rəsmiləri ilə görüşdə bir cür, ABŞ rəsmiləri ilə görüşdə isə tamam başqa cür danışır. Məlumdur ki, Paşinyanı hakimiyyətə gətirən Qərbdir. O üzdən, ABŞ rəsmiləri ilə görüşəndə daha çox ifrata varır, bir sıra məsələləri təhrif edir. Bir sözlə, onların maraqlarına uyğun danışır. Qarabağ məsələsinə gəldikdə isə, Paşinyanda belə bir fikir yaranıb ki, guya ABŞ Cənubi Qafqazda yalnız Ermənistana stavka etmək istəyir. Bu səbəbdən Birləşmiş Ştatlar rəsmilərinin Ermənistana səfərləri intensivləşir. Halbuki, vəziyyət heç də belə deyil. Çünki Cənubi Qafqazın əsas açar ölkəsi Azərbaycandır. Qarabağ ermənilərinə gəldikdə isə, Azərbaycan zorla onları deportasiya etmir. Onlar öz seçimlərinə görə bu addımı atırlar. Paşinyanın bunda bir məqsədi də Qərbdən daha çox maliyyə yardımı qoparmaqdır. Guya Qarabağdakı ermənilər hamısı Ermənistanda yerləşəcək. Halbuki, onların bir qismi Rusiyaya köçməyi planlaşdırır və bunu açıq da deyirlər. Paşinyan isə bundan öz siyasi məqsədləri üçün istifadə edib Qərbdən daha çox dəstək qazanmağa çalışır. Azərbaycan etnik təmizləməyə getsəydi, bütün Qərb üstümüzə gələrdi. Onlara bununla bağlı adi fakt lazımdır. Çünki hər zaman bizə qarşı ikili standartlardan çıxış ediblər”.
Vidadi ORDAHALLI