Heç bir təzyiq olmadığı halda erməniləri Qarabağdan İrəvana kütləvi şəkildə niyə daşıyırlar...

Məlum olduğu kimi, Azərbaycan Ordusu 19-20 sentyabr tarixlərində həyata keçirdiyi antiterror tədbirləri ilə Qarabağ separatçılarını təslim olmağa məcbur etdi. Ordumuz qarşısında cəmi 24 saat duruş gətirə bilən erməni terrorçuları sonda ağ bayraq qaldırmalı oldular. Bütün bunlarda məqsəd Qarabağda “boz zona”nı ləğv etmək və həmin ərazilərdə Azərbaycanın suverenliyini təmin etmək idi.
O da məlumdur ki, Qarabağda antiterror tədbirlərindən sonra Ermənistan çoxlu sayda erməniləri Qarabağdan İrəvana köçürür. Bununla bağlı müxtəlif tədbirlər görülür. Təbliğat aparılır, ora çoxsaylı yük avtomobilləri yönləndirilir. Halbuki, Qarabağdakı etnik erməniləri Azərbaycan tərəfi sıxışdırmır. Əksinə, dəfələrlə rəsmi Bakı bəyan edib ki, kim orada yaşamaq istəyirsə, buyursun. Azərbaycanın digər vətəndaşları kimi, etnik ermənilərin də bütün hüquqları təmin olunacaq.
O zaman maraqlıdır, heç bir təzyiq olmadığı halda erməniləri Qarabağdan İrəvana kütləvi şəkildə niyə daşıyırlar? Bunda erməni tərəfinin məqsədi nədir?
- “Bəzi dairələr köç prosesini sürətləndirməklə, Azərbaycanı etnik təmizləmədə ittiham etmək istəyirlər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, bunda Ermənistanın müəyyən məqsədləri var: “Əvvəla, 2020-ci il noyabrın 10-da imzalanan bəyannamədən sonra Ermənistan bəyannamənin bəndlərinə uyğun hərəkət etməli və sülh sazişini imzalamalı idi. Təəssüflər olsun ki, ərazilərə rus sülhməramlılarının yerləşdirilməsinə baxmayaraq, qarşı tərəf terror planlarından əl çəkmədi. Silahlı qüvvələrini Qarabağdan çıxarmadı. 2020-ci ildən bugünə qədər gizli yollarla Azərbaycan ərazilərini minalamağa başladılar. Eyni zamanda təbii sərvətlərimizə qarşı terror planları həyata keçirildi. Görünən odur ki, Ermənistan yalnız vaxt qazanmaqla öz təxribatçı əməllərinə davam etdi və sülh sazişindən yayındı. Azərbaycanın bir gün içərisində həyata keçirdiyi antiterror tədbirləri isə bu problemlərə son qoydu. Faktiki olaraq hazırda Qarabağda yaşayan ermənilərlə danışıqlar həyata keçirilir və bu danışıqlar da sülhə gedən yolda öz müsbət nəticəsini verəcək. Ermənilərin bir qisminin kütləvi şəkildə ərazilərimizi tərk etməsi təbii prosesdir. Çünki onlar ya bizim qanunvericiliyimizə tabe olub, Azərbaycan vətəndaşı olaraq ərazilərimizdə yaşamağa davam etməli, ya da ərazilərimizi tərk etməlidirlər. Bu istiqamətdə seçim etməkdə də tamamilə sərbəstdirlər. Ermənistanla Azərbaycan arasında olan məsələlərin sona yetməsi üçün bir gün davam edən antiterror tədbiri problemlərin həlli istiqamətində atılmış ciddi bir addım oldu. Hesab edirəm ki, Ermənistan baş tutan köçürmələrdən siyasi məqsəd güdürsə, bu da uğursuz olacaq. Onların yalnız biri yolu var ki, Azərbaycanın və noyabr bəyannaməsinin şərtlərinə uyğun hərəkət etməlidilər. Əks təqdirdə rəsmi Ermənistan hər hansı bir siyasi manevr etməyə cəhd etsə belə, yenə də uğursuz addım olaraq ciddi problemlərlə qarşılaşacaq. Ancaq görünən odur ki, Ermənistanda hamı belə düşünmür. Bəzi dairələr köç prosesini sürətləndirməklə, Azərbaycanı etnik təmizləmədə ittiham etmək istəyirlər. Hesab edirəm ki, erməni tərəfinin çirkin məqsədi buna hesablanıb. Ancaq nəyəsə nail ola bilməyəcəklər. Çünki ermənilərin könüllü olaraq Qarabağı tərk etməsi ortadadır”.
Vidadi ORDAHALLI