Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinin nəticələrini şərh edərkən bir sıra məqamlara toxunub.
Peskov bəyan edib ki, Qarabağın mənsubiyyəti məsələsi həll olunub, sülh müqaviləsi istiqamətində ciddi irəliləyiş təmin olunub. Finiş xəttinə çıxmaq və Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalamaq üçün zəmin var. Peskov onu da qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağdakı insanların təhlükəli əraziləri tərk etmələrinə kömək etmək üçün hər cür səy göstəriblər.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, Kreml nə dərəcədə maraqlıdır ki, sülh sazişi Rusiyadan kənarda imzalansın?
“Moskvanın əsas arqumentlərdən biri o olacaq ki, iki ölkə sərhədlərinə aid xəritələr Rusiya Müdafiə Nazirliyinin Baş Qərərgahındadır”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, Rusiya bütün vasitələrlə çalışacaq ki, iki ölkə arasında sülh sazişi Kremlin vasitəçiliyi ilə reallaşsın: “Rusiyanın Qarabağ məsələsində indiyə qədər hansı rol oynadığını, hansı oyunlardan çıxdığını biz yaxşı bilirik. Onu da unutmaq olmaz ki, Qarabağda separatçıların ağ bayraq qaldırması Rusiyanın ürəyincə deyil. Belə olmasaydı, ard-arda ən yüksək səviyyədə Paşinyanı qınamazdılar. Söhbət ondan gedir ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığı üçün Rusiya Nikolu bağışlamır. O da məlumdur ki, Qarabağ məsələsi artıq həll olunub. İndi əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və sərhədlərin delimitasiyasıdır. Kreml heç vaxt istəməz ki, iki ölkə arasında sülh sazişi Qərbin vasitəçiliyi ilə imzalansın. Halbuki, buna inam böyükdür. Ona görə ki, Paşinyan bütün vasitələrlə çalışır məhz Avropa İttifaqının, yaxud da Birləşmiş Ştatların vasitəçiliyi ilə tərəflər arasında sülh sazişi imzalansın. Çünki bu, həm Paşinyanın mövqelərinin möhkəmlənməsi, həm də Ermənistana maliyyə yardımlarının göstərilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Kreml narahatdır ki, oktyabrda Qranadada keçiriləcək Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünda sülh sazişi imzalana bilr. Çünki bu baş versə, Rusiyanın Cənubi Qafqazdan getməsi qaçılmazdır. O üzdən, Rusiya hər vasitə ilə bunu əngəlləməyə çalışacaq. Moskvanın əsas arqumentlərindən biri o olacaq ki, iki ölkə sərhədlərinə aid xəritələr Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahındadır. Üstəlik, Rusiya revanşistlərdən və Qarabağdan Ermənistana köçən ermənilərdən bu məsələdə təsir rıçaqı kimi istifadə etməyə cəhd edəcək. Ona görə də Peskov sülhlə bağlı nə qədər optimist mövqedən çıxış etsə də, Rusiya bu məsələdə təşəbbüsü əldən verməməyə çalışacaq”.
Vidadi ORDAHALLI