Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirlərindən sonra Naxçıvanı ziyarət edir. Səfər bu günə (25 sentyabr-red.) planlaşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq səfər çərçivəsində dövlət başçılarının görüşü və nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr keçiriləcək.
Liderlər iki ölkə arasındakı əlaqələri, eləcə də regional və beynəlxalq məsələləri, qarşıdakı növbəti prosesləri müzakirə edəcəklər. Azərbaycanın keçirdiyi antiterror əməliyyatı, erməni silahlı birləşmələrinin silahları təhvil verməsi prosesi barədə də fikir mübadiləsi aparılacaq.
Müzakirə predmeti olacaq əsas məsələlərdən biri də Azərbaycanı Naxçıvanla bağlayan Zəngəzur dəhlizinin açılması istiqamətində görüləcək işlərdir.
Bu görüşün əhəmiyyəti barədə ekspertlər nə düşünür?
Politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, indiki məqamda Rusiya ilə Ermənistan arasında münasibətlər olduqca gərgindir: “Ermənistan Rusiyadan qopmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Rusiya da əlindən gələni edir ki, Ermənistanı özünə qaytarsın. Belə bir həssas məqamda Ərdoğanın Naxçıvana səfər etməsi təkcə iki ölkə üçün mühüm əhəmiyyət kəsb etmir. Bu görüş eyni zamanda bütün regionun gələcəyi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatlarının çox böyük əhəmiyyəti oldu. Artıq bütün terrorçu ünsürlər silahlarını yerə qoymalı oldu. Azərbaycan bəyan etdi ki, kim könüllü təslim olursa, biz onları bağışlaya bilərik. Bu da prosesi bir az da sürətləndirdi. Qarabağdakı terrorizmə son qoyulması həm də regionda yeni reallıqları yaratmış oldu. Düşünürəm ki, Naxçıvan görüşündə iki ölkə başçısı arasında müzakirə olunacaq məsələlərdən biri də Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı olacaq. Bizim tərəfimizdən lazımi işlər görülür. Dəmir yolunun çəkilişi ilə bağlı tamamlanma işləri ilin sonuna kimi yekunlaşa bilər. Eyni proses Türkiyə ilə Naxçıvan arasında da aparılır. Türkiyənin nəqliyyat naziri bu barədə açıqlama verdi. Müzakirələr əsasən bu istiqamətdə olacaq ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ qısa müddətdə öz həllini tapsın. Dövlət başçılarının İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirakı gözlənilir. Eyni zamanda ikili münasibətlərin müzakirəsi də aparılacaq. Ərdoğanla görüşün məhz Naxçıvanda keçirilməsi simvolik xarakter daşıyır. Naxçıvan türk dünyasını birləşdirən əsas qapı sayılır. Zəngəzur da Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirir. Bunun əhəmiyyətini də biz yaxın zamanda görəcəyik”.
Məhəmmədəli QƏRİBLİ