Ermənilər Laçın və Zabuxdakı kimi Ağdərədə də öz evlərini yandırıb çıxır...

Ermənilərin özgəsinin əmlakını mənimsəməsi, evini yandırması, dini abidələri, mədəni irsi məhv etməsi, ümumiyyətlə barbar əməlləri yenilik deyil. Tarixən Ermənistan məhz Azərbaycana qarşı bu vandal əməlləri həyata keçirib.
Həm İrəvanda Azərbaycan izini məhv edib, həm də 30 ilə yaxın işğalda saxladığı ərazilərimizdə misli görünməmiş cinayətlər törədib. 2020-ci ildə azad olunmuş əraziləri tərk edərkən də vəhşi xislətlərini bir daha nümayiş etdirərək evlərə od vurdular, ekoloji terrora əl ataraq Laçın, Zabux, Kəlbəcərdə meşələri yandırdılar. İndi də Ağdərədə eyni cinayətləri törədirlər. Özgəsinin torpağında qanunsuz yaşayırlar, sərvətlərini talayırlar, çıxanda isə daha bir cinayətə əl atıb yandırırlar.
Qeyd etdiyimiz kimi, ermənilərin növbəti vəhşiliyi Ağdərədə qeydə alınıb. Sentyabrın 23-də saat 19:35 radələrində Ordumuzun texniki müşahidə vasitələri tərəfindən Ağdərə istiqamətində yaşayış evlərinin erməni sakinlər tərəfindən kütləvi şəkildə yandırılması qeydə alınıb.
- “Evləri və meşələri yandıran, ekoloji fəlakət törədən ermənilər məhkəmə instansiyalarında cavab verməli və bunun təzminatını ödəməli olacaq”
Hərbçi ekspert Rasim İsgəndərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ağdərini tərk edən ermənilər evləri və təbiəti yandırmaqla ekoloji terror törədirlər. Onlar bununla qanunvericiliyin tələbinə uyğun olaraq cavab verməli olacaqlar: “Bu barbarlıq bütün dünyanın gözü qarşısında baş verir. Azərbaycan məsələni ən yüksək səviyyədə qaldırıb. Həm işğal müddətində, həm də 2020-ci il 10 noyabr tarixindən bugünə qədər öz etirazlarını dəfələrlə bildirib. Bütün dünya azad edilmiş ərazilərdə ermənilərin cinayətlərinə, vandal əməllərinə şahid olub. Azərbaycan döyüş meydanında onların layiq olduğu cavabını verib. Bundan sonrakı mərhələdə evləri və meşələri yandıran, ekoloji fəlakət törədən ermənilər məhkəmə instansiyalarında cavab verməli və bunun təzminatını ödəməli olacaq. Bu cinayətləri törədənlər rahat yaşaya bilməyəcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənilərin Xankəndi, Ağdərədəki evlərinə od vurub qaçması onlar tərəfindən törədilən növbəti cinayətdir. Həmin ərazilər cinayətkar ünsürlərdən təmizlənir. Təmizlənmə prosesi bitdikdən sonra Ermənistan Azərbaycana qarşı törətdiyi bütün cinayətlərə görə məsuliyyətə cəlb ediləcək. Bu proses yaxın zamanda həyata keçiriləcək.
Günel CƏLİLOVA