Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.
Azərbaycan Prezidenti Administrasiyasının yaydığı məlumatda qeyd edilir ki, İşçi qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərir və göstərəcək.
Maraqlıdır, Qarabağla bağlı yaradılan İşçi Qrup hansı işləri görəcək və bu qrupun nə kimi əhəmiyyəti var?
“Qarabağın ermənilər məskunlaşan ərazilərdində bərpa və quruculuq, reinteqrasiya prosesini sürətləndirəcək”
Milli Məclisin deputatı Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan hökuməti uğurlu antiterror əməliyyatlarından sonra bölgədə dayanıqlı sülhü təmin edərək bərpa-quruculuğun yeni mərhələsinə start verib. Azad edilmiş digər ərzailərimizdə olduğu kimi, Xankəndi, Ağdərə, Əsgəran və s. ərazilərimizdə də infrastrukturların bərpası, yenidən qurulması, zəruri sosial layihələrin icrasına başlanılıb: “Sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni sakinləri üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb. Cənab Prezidentin tapşırığına əsasən, Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə İşçi qrupu yaradılıb və bütün bu proseslər inteqrasiya ilə bağlı sistemli işlərin başlandığını göstərir”.
Millət vəkilinin sözlərinə görə, artıq Xankəndi Azərbaycanın mərkəzi enerji sisteminə qoşulub və bununla da ərazidə digər kommunal infrastrukturların da icrası sürətlənəcək. Burada məskunlaşmış erməni sakinlərimiz də bizim digər vətəndaşları kimi eyni iqtisadi, sosial, humanitar hüquqlarla təmin ediləcək, həmin ərazilərdə də zəruri infrastrukturların bərpası, komminikasiyalarn yenidən qurulması, müxtəlif sosial və iqtisadi obyektlərin inşası həyata keçiriləcək. Bunun üçün sözsüz ki, Azərbaycanın dövlət büdcəsindən lazımi həcmdə vəsait ayrılacaq.
A.Hüseynov onu da əlavə etdi ki, yaradılmış yeni İşçi Qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir və ermənilərin yaşadığı ərazilərdə əhalinin sosial müdafiəsi, təhlükəsizliyi, təhsil və səhiyyə xidmətləri, zəruri infrastruktur təminatları, işıq, qaz, su, istilik təminatları, və digər zəruri tələbatları üçün plan hazırlayıb həyata keçirəcək. Bu isə o deməkdir ki, Qarabağın ermənilər məkunlaşan ərazilərdində bərpa və quruculuq, reinteqrasiya prosesini sürətləndirəcək. Bu proseslər azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərini, o cümlədən məskunlaşmanı sürətləndirməklə yanaşı, Qarabağın inkişafında da əsaslı dönüş yaradacaq. Öz növbəsində, Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına dərin inam yaradır.
Günel CƏLİLOVA