Avropa İttifaqı Qarabağda ciddi humanitar vəziyyətdən dərin narahatlığını bildirib. Bu haqda qurumun Ali təmsilçisi Cozep Borrel bəyanat yayıb. Bəyanatda deyilir ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına baxmayaraq, guya Laçın dəhlizi yeddi aydan çoxdur bağlanıb.
Borrel bölgədə tibbi və digər vacib ləvazimatın çatışmadığını, artıq tükəndiyini qeyd edərək bildirir ki, Azərbaycan hakimiyyəti Laçın dəhlizi ilə hərəkətin təhlükəsizliyi və azadlığını təmin etməli, böhranın daha da ağırlaşmasıına imkan verməməlidir. Aİ təmsilçisi Azərbaycan hakimiyyətinin Ağdam şəhəri vasitəsilə təchizat təklifini də nəzərə aldıqlarını deyir. “Ancaq buna Laçın dəhlizinin yenidən açılmasına alternativ kimi baxılmamalıdır”, - deyən Borrel Beynəlxalq Qızıl Xaç Komitəsinin regionda fəaliyyətini, o cümlədən tibbi təxliyələr və humanitar təchizatı tam bərpa etməyə çağırıb.
Borrel faydasız balanslı mövqe sərgiləyərək deyir ki, Laçın yolu da olsun, Ağdam yolu da. Bu dərəcədə ədalətsiz yanaşma nə deməkdir?
“Bölgədəki real vəziyyətdən uzaq şərhlərin verilməsi Avroittifaqın ölkəmizə qarşı ədalətsizliyinin növbəti göstəricilərindən biridir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən politoloq Tural İsmayılov hesab edir ki, Borrel açıq formada qərəzli mövqe sərgiləyir: “Əlbəttə, bizim üçün təəssüfedici məqam ondan ibarətdir ki, bir tərəfdən Avropa İttifaqı Şurası rəhbəri Şarl Mişelin moderatorluğu altında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı davamlı vasitəçilik həyata keçirilir. Ancaq digər tərəfdən, Borrel başda olmaqla, Avroittifaqın digər rəsmilərinin regiondakı vəziyyətlə bağlı qeyri-dəqiq şərhləri, Azərbaycanla Ermənistana yanaşmada şərtlər ortaya qoyması vəziyyəti qəlizləşdirmək cəhdidir. Həmçinin Avropa İttifaqının monitorinq missiyası adı altında Ermənistan ərazilərində fəaliyyət göstərən Qərbin casus şəbəkələrinin ölkəmiz əleyhinə müxtəlif təxribatlar həyata keçirməsi və Ermənistan tərəfindən reallaşdırılan pozuculuq planlarının dəstəkləməsi təəssüf doğurur. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Avropa İttifaqının üzvü olan ölkələrin üçdə biri ilə strateji müttəfiqliyə malikdir. Eyni zamanda, Azərbaycanla Avroittifaq arasında enerji təhlükəsizliyi üzrə strateji partnyorluq müqavilələri imzalanıb. Belə olan vəziyyətdə ölkələrarası durumun gərginləşməsinə xidmət edən, bölgədəki real vəziyyətdən uzaq şərhlərin verilməsi Avroittifaqın Azərbaycana qarşı ədalətsizliyinin növbəti göstəricilərindən biridir. Borrel anlamalıdır ki, Laçın Azərbaycanın suveren ərazisidir. Üç ilə yaxındır ermənilərə Qarabağa sərbəst giriş-çıxış imkanı tanıdıq, bunun qarşılığında Ermənistan hansısa kompromis addımlar atdımı? 10 noyabr 2020-ci ildə üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirdimi? Əlbəttə ki, yox. Ancaq bunun müqabilində Avroittifaq Ermənistana hansısa təzyiq göstərmədi. Qarabağ Azərbaycanın suveren ərazisi olduğu üçün Xankəndiyə hansı yolla yüklərin daşınmasına biz qərar verməliyik. Bunun üçün də ən uyğun yol Bərdə-Ağdam-Əsgəran yoludur”.
Vidadi ORDAHALLI