Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan tərəfinin razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti təxribatdır.
Bu təxribatın Ermənistan dövləti və baş nazir səviyyəsində təşviq olunması qəbuledilməz adlandırılan sənəddə daha sonra bildirilir ki, Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfinə həmçinin çağırış edilir ki, Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməsin.
Ermənistanın bu yersiz cəhdlərini Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirə bilərikmi?
Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, iyulun 26-da Ermənistan humanitar yardım adı altında Qarabağa 400 ton yük göndərməyə cəhd edib, lakin Azərbaycan “Laçın” sərhəd-buraxılış məntəqəsindən onların keçidinə icazə vermir: “Məsələnin siyasi tərəflərinə gəlincə, Ermənistan guya öz aləmində hamını aldatmaq istəyir. Humanitar missiya adından bərk-bərk yapışaraq şərait yaratmaq istəyir ki, sərhədin sıfır nöqtəsində təxribat olsun.
Məsələyə təhlükəsizlik-texniki aspektdən yanaşaq, sərhəd-buraxılış məntəqəsindəki rejimin məntiqi belədir ki, kimsə oranı qanunsuz keçməyə cəhd edə bilməz. Əgər etsə, bu, dövlət sərhədini pozmaqdır, bu zaman isə güllə də atılmalıdır, başqa tədbirlər də görülməlidir. Yəni ermənilər düşünürlərsə ki, gəlib istədikləri kimi “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçəcəklər və onlara kimsə toxunmayacaq, yanılırlar.
Məsələnin hərbi-təhlükəsizlik tərəfləri və sərhəd rejimi prosedurları tələb edir ki, qanunsuz keçid zamanı güc tətbiq edilsin. Yəni ortaya çıxa biləcək nəticələrə görə məsuliyyəti Azərbaycan yox, təxribatçılar daşıyır.
Azərbaycanın qarşısında iki variant var. Bunların biri ölkəmizin inteqrasiya ilə bağlı təklifinə ermənilərin müsbət cavab verməsi halında proseslərin davam etməsi, digəri isə hərbi əməliyyatların keçirilməsidir. Biz yeni əməliyyatları ermənilərin təxribatlarına qarşı keçirəcəyik. Ermənistan isə sərt gücün tətbiqini tələsdirmək istəyir. Çünki bununla beynəlxalq aləmdə bu hadisələri öz lehlərinə çevirmək üçün çalışırlar. Azərbaycan da bütün bu hiyləgər planları bildiyi üçün təmkinli davranır. Məhz “humanitar yükə” qadağa bəhanəsi ilə münaqişəni yenidən qaynar fazaya daxil etməyə çalışırlar. Təbiidir ki, bütün bunlar Azərbaycanın daxili işlərinə açıq müdaxilədir”.
Məhəmmədəli QƏRİBLİ