Keçmiş XİN başçısı Vardan Oskanyan bu günlərdə mətbuat konfransı keçirərək hələ də işğalda saxladıqları Azərbaycanın 7 anklav kəndi barədə açıqlama verib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Oskanyan deyib ki, anklavların qaytarılması yeni münaqişəyə çevriləcək, içərimizdə 85-100 min azərbaycanlı yerləşdiriləcək, paralel olaraq bu qədər erməni Qarabağdan qovulacaq... Bu bəyanatdan hansı nəticələri çıxarmaq olar?..
1. Bu fikirlər təsdiq edir ki, Azərbaycan diplomatiyası, Heydər Əliyev və İlham Əliyev hansı zehniyyəti daşıyan adamlarla Qarabağ müzakirələri aparıblar. Belə zehniyyət sahiblərinin xoşluqla əraziləri qaytarmayacağını və belələri ilə ancaq İlham Əliyevin müəyyən etdiyi üsulla - danışıqlara bel bağlamadan sürətlə silahlanmaq və ədalətli müharibəyə hazırlaşmaq - danışmağın gərəkliyi bütün dünyaya göstərildi...
2. Qarabağ və ətraf ərazilərdən hərbi güclə çıxarılan Ermənistanın 7 anklav Azərbaycan kəndini xoşluqla qaytarmaq niyyətlərinin olmadığı aşkar ortadadır. Oskanyan kimi düşünənlər indiki Ermənistan hakimiyyətində əksəriyyət təşkil edir...
3. Ermənistanın siyasi elitası Brüssel formatının Azərbaycanın 86.6 min kv.km hüdudunda ərazisinin tanınması barədə 91-ci il Alma-ata sazişi barədə mövqeyinə keçici hadisə kimi baxır...
4. Oskanyan anklavlar qaytarılan kimi ermənilərin Qarabağdan qovulacağı kimi qorxunc subyektiv gözləntini reallıq kimi dünyaya sırımaq istəyir.
5. Azərbaycanın Qarabağ ermənilərinə hüquq və təhlükəsizlik təminatı verməsinə dünya miqyasında inamı sarsıtmaq istəyir.
Ancaq Oskanyan bir fikrində haqlı ola bilər. Anklavlar məsələsi həqiqətən iki dövlət arasında yeni münaqişə mərhələsi aça bilər.
Ermənistan tarixi kəndlərimizi xoşluqla qaytarmasa, Azərbaycan üçün daha hansı yol qalır ki?!..
Tahir TAĞIYEV