Məlum olduğu kimi, Ermənistan hər il separatçıları maliyyələşdirmək üçün qanunsuz olaraq dövlət büdcəsindən vəsait ayırır. Bu il üçün sözügedən məqsədlə büdcədən ayrılan vəsaitin həcmi 400 milyon dollara yaxındır ki, bu da separatçıların bəslənməsi və terrorçu rejimin qorunması üçün böyük məbləğdir.
Artıq rəsmi Bakı Ermənistan qarşısında maliyyələşdirmənin dayandırılması ilə bağlı da məsələ qaldırdı. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra tvitterdəki paylaşımında bəyan edib ki, Ermənistan separatçıların maliyyələşdirilməsini dayandırmalıdır: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, qüvvələrinin bir hissəsini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır”.
Nəzərə alsaq ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, o zaman Ermənistanın Qarabağdakı separatçıları maliyyələşdirməkdə davam etməsi tam qanunsuz və beynəlxalq hüquqa ziddir.
“Qarabağdakı ermənilərin kənardan maliyyələşdirilməsi artıq Azərbaycanın siyasi həyatına müdaxilə kimi qiymətləndirilməlidir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, rəsmi səviyyədə bununla bağlı Ermənistan qarşısında tələb qoyulması müsbət haldır: “Əvvəla, Ermənistandan Qarabağdakı separatçılara maliyyə vəsaitinin ayrılması terrorizmin maliyyələşdirilməsi kimi qiymətləndirilməlidir. Buna uyğun olaraq biz beynəlxalq təşkilatlara, beynəlxalq konvensiyalara uyğun olaraq rəsmən müraciət etməliyik. O cümlədən, BMT-yə, Beynəlxalq Cinayət Məhkəməsinə rəsmən müraciət olunmalıdır ki, Ermənistan terrorçu rejimi maliyyələşdirir və bu dövlətə qarşı sanksiya tətbiq olunmalıdır. Sevindirici haldır ki, Azərbaycan rəsmiləri nəhayət uzun müddətdən sonra bunun qanunsuz olduğunu bəyan etdilər. Düzdür, əvvəllər də bunu deyirdilər. Ancaq indi həm də sözdən əmələ keçiblər və rəsmi olaraq Ermənistan qarşısında bu məsələni qaldırıblar. Ona görə də Azərbaycan dövləti rəsmi olaraq beynəlxalq təşkilaatlara müraciət edib bunun qarşısını almaqla bağlı tədbirlərin görülməsini tələb etməlidir. Çünki Azərbaycan dövləti özü rəsmən elan edib ki, Qarabağda yaşayan ermənilər ölkə vətəndaşlığını qəbul etsələr, dövlətimizin digər vətəndaşları kimi eyni hüquqlara, imkanlara malik olacaqlar. Ona görə də Qarabağdakı etnik ermənilərin kənardan maliyyələşdirilməsi artıq Azərbaycanın siyasi həyatına müdaxilə kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, sözügedən məsələ bundan sonra Azərbaycan-Ermənistan danışıqlarında prioritet olmalıdır. Paşinyan deyir ki, biz Qarabağ ermənilərinin işinə qarışmırıq. O zaman Ermənistanın onlara böyük həcmdə vəsait ayırması nə deməkdir? O üzdən, Ermənistan bu qanunsuz fəaliyyətə birdəfəlik son qoymalıdır. Bununla bağlı Ermənistana təzyiqlər artırılmalıdır”.
Vidadi ORDAHALLI