İki gündür İranda erməni kilsələrində "Qarabağ erməniləri üçün" dualar oxunur və kilsə zəngləri aramsız səslənir.
İran erməniləri rəsmi Tehrandan və dünya birliyindən "Qarabağ ermənilərinə dərhal yardım göstərməyi" tələb edirlər. Kilsənin qarşısına toplaşan insanların əllərində daşıdıqları pankartlar isə birbaşa təxribat xarakteri daşıyır. Belə ki, pankartlarda “Etnik təmizləmə davam edir, soyqırım döngüsünə dur deyək” kimi şüarlar qeyd olunub. Bununla da molla rejimi bariz şəkildə Ermənistan Respublikasına və ermənilərin Qarabağdakı separatçı fəaliyyətinə dəstək verdiyini bütün dünyaya açıq şəkildə nümayiş etdirib.
Qeyd edək ki, İslam Respublikasının paytaxtında kilsə zənglərinin çalınması birmənalı qarşılanmayıb.
"İran hakimiyyəti bir daha beynəlxalq ictimaiyyətə bəlli edir ki, regionda Ermənistandan və Qarabağda Azərbaycan vətəndaşı sayılan ermənilərdən alət kimi istifadə edir"
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Tehranda ermənilərin Qarabağ erməniləri üçün dua oxuması İran hakimiyyətinin Ermənistana münasibətinin göstəricisidir: "Məlumdur ki, İran hakimiyyəti davamlı olaraq ölkədəki erməni vətəndaşlarının bütün hüquqlarını təmin edir. İran hakimiyyəti spirtli içkiləri müsəlman vətəndaşları üçün qadağan etsə də, ermənilər həmin içkiləri qəbul etməkdə, hazırlamaqda belə azaddır. Bundan başqa, ermənilərin öz dillərində məktəbləri belə var. Xatırladım ki, Nikol Paşinyan Tehranda olarkən "Qarabağ Ermənistandır" şüarı səsləndirdi. Bu şüar İran hakimiyyətinin ermənilərin harayına yetişməsi kimi qiymətləndirilir. İran bununla Azərbaycanın ərazi bütövlüyünə münasibətdə saxtakarlığını növbəti dəfə nümayiş etdirdi. İran hakimiyyəti bir daha beynəlxalq ictimaiyyətə bəlli edir ki, regionda Ermənistandan və Qarabağda Azərbaycan vətəndaşı sayılan ermənilərdən alət kimi istifadə edir. Bu hal bir daha sübut edir ki, İran hakimiyyətinin Azərbaycana xoş münasibətlə bağlı verdiyi bəyanatlar saxtadır. Onların vədi yalnız sözlərdən ibarətdir".
Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, orada yaşayan ermənilər üçün hər cür şərait yaradılıb. Məktəbləri, kilsələri, ictimai təşkilatları sərbəst fəaliyyət göstərir. İkinci bir tərəfdən, İran ordakı azərbaycanlıların öz doğma dilində təhsil almasına mane olur. Eyni zamanda, ermənilərin milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır: "Fəqət, dediyim kimi, oradakı ermənilərə münasibət belə deyil. Orada yaşayan azərbaycanlıların hüquqlarının pozulması beynəlxalq hüquqa da ziddir".
Günel CƏLİLOVA