Hikmət Hacıyev yox, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri (bu nə əcaib vəzifədir, bilinmir) E.Marukyan yalan danışır. Həm də gözünün içinə qədər yalan deyir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda bəyan edib ki, ermənilərin Laçın yolu üstündə təkid etmələri və Ağdam-Xankəndi yolunu bloklaması və ondan istifadə etməməsi yolverilməzdir, bu yoldan istifadə olunması Şarl Mişelin iştirakı ilə Brüsseldə də razılaşdırılıb.
Həqiqətən də Brüsseldə bu məsələ müzakirə olunub və iyulun 15-də müvafiq razılaşma əldə olunub.
Aqressivcəsinə yalan danışan Marukyandır. O iddia edir ki, guya Brüsseldə Şarl Mişelin iştirakı ilə belə razılaşma əldə olunmayıb və Hikmət Hacıyevin onun adından dediyi fikirlərə Mişelin ofisi izah verməlidir. Marukyanın aqressiv danışması spontan xarakter daşıyır və yəqin onu təbdən çıxaran Hikmət Hacıyevin sonrakı sözləridir. Hikmət Hacıyev dedi ki, Ağdam - Xankəndi yolundan istifadə olunmalıdır, başqa yol yoxdur, oyun bitdi.
Həqiqətən də oyun bitdi, Marukyanı özündən çıxaran və Mişelin iştirakı ilə Brüsseldə əldə olunmuş razılaşmanı inkar etməyə vadar edən də məhz Hikmət Hacıyevin bunu qəti şəkildə ifadə etməsidir.
Yada salım ki, ermənilərin danışıqlar barədə yalan məlumatlarına dair başqa faktlar da olub. Bir neçə ay əvvəl Vaşinqtonda Hikmət Hacıyevlə görüşmüş Ermənistan Təhlükəsizlik Şurasının sədri Qriqoryan qayıdandan sonra məlumat yaydı ki, Hikmət Hacıyevlə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin beynəlxalq formatda müzakirəsi barədə razılığa gəlinib. Siyasətlə az-çox maraqlı adamların hər biri elə o anda başa düşdü ki, Hikmət Hacıyev heç vaxt belə müzakirəyə və razılaşmaya imkan verməz. Həqiqətən də Hikmət Hacıyevin açıqlaması dərhal yayıldı və məlum oldu ki, Qriqoryan Hacıyevin adından yalan danışıb.
İndi də Marukyanın yalanı...
Qriqoryan - yalan,
Marukyan- yalan,
Yalan uzun getməz...
Tahir TAĞIYEV