19/11/2018 16:13
728 x 90

Barıt qoxulu yollardan bir igid keçdi… - FOTO

img

Barıt qoxulu o yollar, o yollar,
Səni bəs nə vaxt qaytarar, qaytarar?
Səndən təsəlli bir zabit mundiri,
Bir cüt ulduzlu aylı paqonlar...

Bu misralar Şahin Musaoğlunun müəllifi olduğu məşhur “Cənab leytenant” şeir və mahnısındandır. Qarabağ müharibəsində ağır sınaqlar qarşısında mətin dayanmış zabitlərimizə ithaf olunan həmin şeir və mahnının sözləri bizə barıt qoxulu yollara qədəm basmış xalqımızın dəyanətli oğullarını xatırladır. Vətən torpaqlarını düşmən tapdağından azad etmək üçün fədakarcasına döyüşmüş və şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımız heç vaxt unudulmur. Onlar xalqımızın yenilməzlik və hünər simvollarıdır.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının müharibədən geri dönməyən igid hərbi qulluqçularından biri də leytenant Qasımov Yusif Telman oğludur. O, 1968-ci il avqustun 13-də Gəncə şəhərində anadan olub. Qasımovlar ailəsinin böyük övladı idi. Bu ailədə iki oğul, iki qız övladı dünyaya göz açıb. Yusif Qasımov Gəncədəki 18 saylı orta ümumtəhsil məktəbində oxuyub. 1983-1985-ci illərdə məktəbdəki təhsildən ayrılmadan Gəncə şəhəri məktəblərarası tədris-istehsalat kombinatının avtomobil çilingəri kursunda bu ixtisasa yiyələnib. O, həmçinin, həmin vaxt fəaliyyət göstərmiş “Dinamo” Bədən Tərbiyəsi və İdman Cəmiyyətində əlbəyaxa idman növləri ilə məşğul olub, öz məharəti sayəsində müvafiq idman dərəcəsi də qazanıb.

1985-ci ildə orta təhsilini başa vurduqdan sonra bir müddət Gəncədəki tekstil fabrikində işləyib. Böyük övlad kimi ailəyə maddi köməklik göstərməyə çalışıb.

Onun peşə seçiminə təsir göstərən əsas amillər arasında vətənpərvər ruhda tərbiyə olunması, mübarizliyi, hərbi qulluqçulara rəğbəti və yeniyetmə yaşlarından hərbi xidmətə marağını xüsusi qeyd etmək olar.

Y.Qasımov İkinci Dünya Müharibəsində iştirak etmiş və bir sıra medallarla təltif olunmuş babası Əli İmamverdiyevlə həmişə qürur duyub. 1981-ci ildə vəfat etmiş Ə.İmamverdiyevin ləyaqətli ömür yolu nəvəsinin dünyagörüşünə və həyata baxışlarına izsiz qalmayıb.

1986-cı ildə Y.Qasımov Rusiya Federasiyasının Orconikidze şəhərindəki (hazırda Vladiqafqaz)  SSRİ Daxili İşlər Nazirliyinin S.M.Kirov adına Ali Hərbi Komandanlıq Məktəbinə (SSRİ dağıldıqdan sonra RF Şimali Qafqaz Hərbi İnstitutu kimi fəaliyyət göstərib) qəbul olunub. Beləliklə, o, hərbi xidmət yolunda ilk addımını atıb. Kursant  həyatında hərb elminin sirlərini mənimsəməklə yanaşı, gərgin məqamlarla da qarşılaşıb. Belə ki, 1988-ci ildə Sumqayıtda, 1989-1990-cı illərdə Özbəkistan  və Qırğızıstan ərazisində məkrli təxribatların nəticəsi kimi millətlərarası münaqişə zəminində baş vermiş hadisələr zamanı ictimai təhlükəsizliyin, əmin-amanlığın bərpa olunması üzrə xidmətin aparılmasında onun təhsil aldığı Hərbi Məktəbin kursantları da iştirak ediblər. Sumqayıtda ictimai asayişin keşiyində fəaliyyəti qiymətləndirilərək, Sumqayıt Şəhər Komsomol Komitəsinin fərmanı ilə mükafatlandırılıb. Özbəkistanda hadisələrin cərəyan etdiyi günlərdən birində isə Y.Qasımov bir məshəti türkünün həyatını xilas edərkən, o, “mən bilirəm, sən də türksən, məni buradan çıxart” - deyib. Məshəti türkü öz xilaskarına Quran kitabı, göz muncuğu, papaq və qırmızı şal verərək, xeyir-duasını bildirib.

1988-ci ildə atası Telman Qasımovun qəfil ürək tutmasından vəfat etməsi bütün ailə üzvləri kimi, Yusifi də dərindən sarsıdıb. Bu sarsıntıya baxmayaraq, iradəsini toparlayaraq, 1990-cı ildə Hərbi Məktəbi bitirib. Ona “leytenant” hərbi rütbəsi verilib. Ailə vəziyyəti nəzərə alınaraq, o, təyinatla respublikamıza, öz doğma şəhərinə göndərilib. Həmin vaxt SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Peşəkar zabit olaraq hərbi hissədə üzərinə düşən xidməti vəzifələri vicdanla yerinə yetirib. Qısa vaxtda şəxsi heyət arasında hörmət qazanıb. “N” saylı hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş xidməti xasiyyətnamə ilə tanış oldum. Xidməti xasiyyətnamədə onun zabit kimi müsbət fərdi keyfiyyətləri göstərilib. Diqqətəlayiq qeydlərdən biri onun respublikamızın sərhədyanı rayonlarında ictimai təhlükəsizliyin qorunmasında layiqincə iştirakı və bu zaman tabeliyindəki şəxsi heyət arasında itkiyə yol verməməsi haqqındadır.

Həqiqətən də Çaykənd (o vaxtkı Xanlar, hazırkı Göygöl rayonu ərazisindədir) və ətraf yaşayış məntəqələrində, habelə Qazax rayonunun Ermənistanla həmsərhəd bölgəsində keçirilən xüsusi əməliyyatlarda o, komandir qətiyyəti və cəsarəti, ekstremal şəraitdə özünü itirmədən qərar qəbul etmək bacarığı ilə fərqlənib. Bu xüsusi əməliyyatlar zamanı o, hətta yaralanıb və bunu ailəsindən gizli saxlamaq istəyib.

Leytenant Y.Qasımovun o vaxt silahdaşlarından biri olan Natiq Alməmmədov onu belə xatırlayır: “Y.Qasımov əsl peşəkar zabit idi. Döyüş taktikasını, əməliyyatların təşkili və aparılmasını çox yaxşı bilirdi. Qazax rayonunun Aşağı Əskipara, Yuxarı Əskipara, Bağanıs Ayrım və Quşçu Ayrım kəndlərində postlarımız vardı. Postların qurulması və müdafiəsində, erməni yaraqlılarının hücumlarının qarşısının alınmasında Yusifin böyük rolu vardı. Onunla Çaykənd əməliyyatında da iştirak etmişəm. Öz işinə olduqca ciddi yanaşan insan idi. Xidmətdən sonra isə sanki öz qardaşı ilə söhbət edirmiş kimi, hamı ilə mehribancasına ünsiyyətdə olurdu”.   

1991-ci ilin dekabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının formalaşmasına başlanarkən leytenant Y.Qasımov onun sıralarına qəbul olunan ilk zabitlərdən biri idi. Beləliklə, “N” saylı hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sərəncamına keçib. Leytenant Y.Qasımov xidmət etdiyi hərbi hissənin şəxsi heyəti sırasında hərbi xidmətə başlayan gənclərimizin yüksək mənəvi-psixoloji və döyüş hazırlığı yönündə öz zəhmətini əsirgəməyib. Müharibə vəziyyətində olan bir ölkənin zabiti kimi şəxsi heyətin təlim-tərbiyəsinin qarşıdakı döyüşlərdə necə böyük rol oynayacağını o, çox düzgün olaraq düşünür və bu yolda hərbi bilik və təcrübəsinə əsaslanırdı.

1992-ci ilin fevral ayının 26-da Xocalıda baş vermiş amansız soyqırım onun düşmənə nifrət və qəzəbini daha da artırmışdı. Qarabağda müharibə getdikcə şiddətlənirdi.

1992-ci ilin mart ayının 12-dən etibarən Daxili Qoşunlar erməni işğalçılarına qarşı döyüşlərə başlamışdı. “N” saylı hərbi hissənin şəxsi heyəti də 1992-ci ilin martından sonra ön cəbhədə döyüş əməliyyatlarına cəlb olunurdu. Leytenant Y.Qasımov “N” saylı hərbi hissənin şəxsi heyətinin tərkibində Tərtər, Kəlbəcər və Ağdərə döyüş bölgəsində torpaqlarımızın müdafiəsində dayanıb, mənfur düşmənə qarşı igidliklə vuruşub. Döyüşlərdə özü və rəhbərlik etdiyi şəxsi heyət tərəfindən düşmənin xeyli canlı qüvvəsi məhv edilib, mühüm ərazilərdə atəş nöqtələri sıradan çıxarılıb. O, komandanlıq tərəfindən qarşıya qoyulan mürəkkəb döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib.

1992-ci ilin iyul ayının 19-da Ağdərə döyüş zonasındakı Aterk (Həsənriz) kəndi uğrunda döyüşdə leytenant Y.Qasımov itkin düşüb. Həmin qanlı, qeyri-bərabər, bir sıra təfsilatları bu günədək qaranlıq qalan döyüşdə “N” saylı hərbi hissənin onlarla hərbi qulluqçusu hər tərəfdən düşmənin atəş zərbəsinə məruz qalıb və köməksiz vəziyyətdə son nəfəslərinədək vuruşublar. Bir neçə gün ərzində həmin hərbi qulluqçuların taleyi ilə bağlı qeyri-müəyyənlik davam edib. Aterkə (Həsənriz) növbəti hücum zamanı onlarla hərbi qulluqçumuzun yandırılmış meyitlərinin qalıqları tapılıb. Həmin meyitlərin qalıqları Bakıya gətirilərək Şəhidlər Xiyabanında qardaşlıq məzarında dəfn olunub. Qardaşlıq məzarı üzərindəki mərmər lövhəyə adları həkk olunan hərbi qulluqçuların siyahısında leytenant Y.Qasımovun da adı var. Ailəsi uzun illər müharibə itkini kimi onun yolunu gözləyib, ümidlə yaşayıb. Bu dərdə dözmək təsəvvür edilməyəcək dərəcədə çox çətindir. Xüsusən də ana ürəyinin buna necə tab gətirməsini düşünəndə dəhşət hissi insanı bürüyür. Yusifin anası Xanım Qasımova fədakar azərbaycanlı qadının canlı təcəssümüdür. Məhz Vətəninə, xalqına ürəkdən bağlı olan Xanım ana kimi bir valideyn Yusif kimi qeyrətli oğul yetişdirə bilərdi. Xanım ana 1992-ci ildən 2006-cı ilin 17 aprel tarixinədək oğlunun adının önündə şəhid sözü yazılmasına razı olmayıb. Ancaq bu qeyri-müəyyənliyin sonsuzadək davam etməsi ilə də barışmayıb. Oğlunun xatirəsini əziz və uca tutaraq, onun döyüş yoluna ehtiram göstərərək, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin 17 aprel 2006-cı il tarixli qətnaməsi ilə leytenant Y.Qasımov Qarabağ uğrunda gedən döyüşlərdə ölmüş elan edilib. Ailəyə dövlətimiz tərəfindən müvafiq müavinət təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında” 9 mart 2018-ci il tarixli Sərəncamı ilə dövlətimizin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə görə leytenant Qasımov Yusif Telman oğlu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Mən inanıram ki, bu Sərəncamdan sonra şəhid zabitimizin xatirəsinin əbədiləşdirilməsi yönündə lazımi addımlar da atılacaq.

Şəhid zabitin adını bacısı nəvəsi daşıyır. O, bu adla həmişə qürur duyacaq. Milli şərəfimiz, torpaqlarımızın toxunulmazlığı və bütövlüyü naminə son damla qanınadək vuruşmuş qorxmaz oğulların döyüş yolu hər birimiz üçün əvəzsiz örnəkdir.

Allah rəhmət eləsin!

Yalçın QAYA

Son xəbərlər