“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Hacıvar kənd tam orta məktəbi yeni inşa olunmasına baxmayaraq, layihəsi tamamilə yararsızdır”. “Report”un yerli bürosunun xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iyulun 13-də Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksi istifadəyə verilməsi zamanı sakinlərlə görüşdə deyib.
Texniki-tikinti normalarının kobud şəkildə pozulduğunu, bu səbəbdən də binanın söküldüyünü bildirən səlahiyyətli nümayəndə Hacıvar kənd tam orta məktəbinin müasir üslubda yenidən inşa olunacağını vurğulayıb.
Məlumatı hər biriniz mənim kimi oxudunuz. Amma tam dəqiq bilirəm ki, hər birinizdə bu uğursuz layihənin necə “böyüyüb-başa çatdığı” barədə suallar yaranıb. Açıqlandı ki, yeni inşa olunan məktəbin layihəsi yararsızdır. Bu fakt tükürpədicidir. Korrupsiya, məmur nəzarətsizliyi, dövlət vəsaitinin göyə sovrulması – nə desən var bu məlumatın içində. Dövlət sifarişi ilə məktəb tikilir, amma tikilib başa çatandan sonra məlum olur ki, layihəsi uğursuzdur. Məgər bu məktəbin tikintisi zamanı və iş yekunlaşanda Muxtar Respublikanın aidiyyatı orqanları bu uğursuz layihəni “görmürdülər?”. Məktəb tikintisinə nəzarət edən qurumlar harda “yuxulayırdılar”?. Görəsən buna görə məsuliyyət daşıyan şəxslərin hüquqi baxımdan məsuliyyətə cəlb olunmaları, cəzalandırılmaları üçün hansı tədbirlər görülüb?. Hər kəs bilir ki, fərdi bir həyət evində müəyyən bir artırma üçün təşkilat qalmır ki, gəlib “maraqlanmasın”. Bəs bu boyda məktəbi uğursuz layihə ilə tikib başa çatdırırlar, heç kəsin xəbəri olmur?. Hər kəsə məlumdur ki, təkcə bu tipli bir məktəbin tikintisinə azı 1-2 milyon manat vəsait sərf olunur. Bəs bu uğursuz layihədə “yuyulan” milyonlara kim cavabdeh olacaq?. Haqlı suallar bolluca, veriləcək cavablar isə müəmmalı..