İllərdir ki, Lerikin dağ kəndlərində əhalinin elektrik enerjisi ilə təminatındakı dözülməz vəziyyət davam edir. Çox vaxt sutkada fasilələrlə işıqlar 6-7 dəfə sönür-yanır.
Belə olan halda elektrik avadanlıqları sıradan çıxır. Balaca külək əsəndə, yağış yağanda, qarlı havada isə həftələrlə qaranlığa qərq olunmuş kəndlərin taleyini düşünənlər olmur. Buna əsas səbəb isə keçən əsrin 60-70-ci illərdə Rusiyadan gətirilib basdırılan ağac dirəklərin çürüyərək yararsız hala düşməsidir. Üstəlik eyni zamanda kəndlərin daxilində güclə ayaq üstə qalan dirəklərin arasından sallanmış məftillər hər an insan həyatı üçün təhlükədir, eləcə bədbəxt hadisələr qaçılmazdır. Təəssüf ki, dövlət vəsaiti hesabına təmir məqsədilə alınan dirəklər neçə dəfələrlə satılıb.
Ümumiyyətlə, rayonda dağ kəndlərinin taleyi çoxdandır unudulub. Verilən yalan vədlərin pis nəticəsidir kəndlərdə qapısı qıfıllı evlərin sayı artıq bilinmir. İndiki zamanda qazı, işığı... olmayan bir yerdə necə yaşayasan? Əzəldən Lerikin yaşayış məntəqələrində qaz olmayıb. Qaldı ki, lampaları həmişə işıq saçıb. Dövlətimiz müstəqillik qazanandan sonra məmurların haram var-dövlətə hərisliyi sovetin verdiyi işığı da kəndlinin əlindən aldı.
Qısası, Lerikin dağ kəndlərində elektrik təsərrüfatı tam bərbad vəziyyətdədir. Məmurların dediyi əhalini fasiləsiz elektrik enerjisi ilə burada təmini nağıla bənzər bir şeydir. İnsanları bu qədər əziyyətdə saxlamaq heç də insafdan deyil. Vəziyyətə son qoymağın vaxtı çoxdan keçib. Lerikin kəndlərində davam edən bu neqativ hal xalqın əzizi, inam yeri Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dinamik, sürətli və uğurlu inkişafa xələl gətirir.
Öz Prezidentinə ürəkdən güvənən Lerik kəndlisi yenə də hər bir qaranlıq gecənin işıqlı səhəri olduğu kimi onları narahat edən məsələnin həllinə tam inanır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü