Beynəlxalq dərəcəli hakimdən çağırış – “Gənclərimizi qoruyaq”

Son günlər ölkə gündəminin əsas müzakirə mövzularından biri narkotik vasitələrin, xüsusilə də kimyəvi tərkibli narkotik təsirlərə malik həblərin çox ucuz qiymətə və açıq şəkildə satılmasıdır.
Sosial şəbəkələrin Azərbaycan seqmentinin aktiv iştirakçıları statuslar paylaşaraq qeyd edirlər ki, Azərbaycanda onlayn şəkildə, əsasən də “Instagram” vasitəsilə “patı”, “şüşə”, “Metamfetamin”, “Tramadol” kimi psixotrop maddələr satılır – həm də çox ucuz qiymətə - 3-5 manata. Rayonlarda, kəndlərdə bu vasitələrdən istifadə edənlərin sayında kəskin artım olduğu barədə həyacan təbili çalınır. Uyuşdurucu tərkibli dərman istifadəçilərinin əsasən gənclər, hətta məktəblilər olduğu iddia edilir.
Bu bəlaya qarşı Daxili İşlər Nazirliyini (DİN), DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi yüksək səviyyədə mübarizə aparır.
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi dünya və Avropa çempionu Elnur Aliyev bildirdi ki, narkotik vasitələrin dövriyyəsinə görə cəza ağırlaşdırılmalıdır: “Metamfetamin sintetik maddədir, beynin funksiyasını pozmaqla depressiya yaradır. Bu maddənin təsiri altında olan insanların ətrafdakılara qarşı aqressivliyi, riskli davranışlara meylliliyi artır. Metamfetamindən istifadə ağciyər ödəminə, beyin qanamasına, ürək çatışmazlığı və ürək tutması ilə bağlı ani ölümlərə səbəb olur. Bu maddədən mütəmadi istifadə edənlərin dişləri çürüməyə başlayır, dərilərinin altında böcək gəzməsi kimi halları yaşanır. Dünyanın ən təhlükəli narkotik vasitəsi olaraq qəbul edilir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda narkotikdən istifadə edənlərin əksəriyyətinin yeniyetmə və gənc olması acınacaqlı haldır: “Narkomaniya yaşaya-yaşaya ölmək deməkdir. Narkotikdən istifadə edənlər hər gün ölürlər. Belə insanların meyitlərdən fərqi yoxdur. Narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. Gənclər nəzarətsiz mühitin təsirinə düşürlər və uzun müddət narkotik aludəçiliyinə düçar olanlar onları öz torlarına salırlar. İkinci səbəb işsizlik, savadsızlıqdır. Biz bu sahədə xeyli maarifləndirmə işləri həyata keçirmişik. Narkomandan üz döndərmək olmaz, onunla sona qədər iş aparmaq, müalicələrə cəlb etmək vacibdir”.
E.Aliyevin sözlərinə görə, narkomaniya tək bir cəmiyyətin deyil, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün bəşər övladlarının bəlasıdır və onunla mübarizə bütün bəşəriyyətin xilası üçün vacibdir: “Bu istiqamətdə aparılan maarifləndirmə işlərinin həcmi artmalıdır. Nəzərə almaq lazımdır ki, gənclərimizin fiziki sağlamlığının və mənəvi saflığının qorunması bütün cəmiyyət olaraq əsas qayğılarımızdan biridir”.
Baki-xeber.com