Vladimir Putin...
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Prezident İlham Əliyevə zəng edib. Bu barədə “Trend” Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı qeyd edilib ki, 2018-ci il Azərbaycan-Rusiya dostluq əlaqələrinin tarixində çox məhsuldar bir il olub, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı təmaslar əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırıb. Prezidentlər əminliklərini bildiriblər ki, 2019-cu ildə də ikitərəfli münasibətlərimizdə müsbət dinamika davam etdiriləcək və Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək.
Ərdoğan…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə “Trend” Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Dövlət başçıları 2018-ci ilin dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsi baxımından önəmli bir il olduğunu qeyd edərək bu işdə qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini vurğulayıb, qarşıdakı illərdə də əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Gürcüstanın Baş naziri Mamuka Baxtadze...
Gürcüstanın Baş naziri Mamuka Baxtadze də dekabrın 24-də Prezident İlham Əliyevə telefon açıb.
Mamuka Baxtadze Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Telefon söhbəti zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Mamuka Baxtadze ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və əmin olduqlarını bildiriblər ki, 2019-cu ildə də əlaqələrimiz uğurla inkişaf edəcək.
Lukaşenko...
Belarus Prezidenti Aleksandr Lukaşenko isə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Qardaş Azərbaycanın uğurlu və daimi inkişafı Sizin rəhbərliyinizlə həyata keçirilən güclü, müstəqil dövlət quruculuğu xətti ilə ayrılmaz surətdə bağlıdır.
Dinamik və hərtərəfli əlaqələr, qarşılıqlı anlaşma və ali səviyyədə dialoqun etimada əsaslanması Belarus-Azərbaycan münasibətlərinin fərqləndirici cəhətidir və xalqlarımız arasında dostluq ənənələrini genişləndirir.
Əminəm ki, bu yaxınlarda Sizin Belarusa səfəriniz zamanı əldə edilmiş razılaşmaların gerçəkləşməsi Minsk ilə Bakı arasında davamlı və çoxşaxəli əməkdaşlığın inkişafına, hər iki ölkənin vətəndaşlarının rifahının yüksəldilməsinə sanballı töhfə verəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xoş güzəran və bütün niyyətlərinizin həyata keçməsini arzu edirəm".
Serbiya Prezidenti Aleksandr Vuçiç...
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Serbiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək, əməkdaşlığımızın qarşıdakı illərdə də genişlənəcəyinə əminliklərini ifadə ediblər.