Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın xüsusi diqqət mərkəzində saxladığı əsas məqamlardan biri Ermənistanın işğalçılıq siyasətinin tam şəkildə faş olunması, ona qarşı dünya miqyasında konkret addımların atılmasıdıdr. Bunun üçün zəruri olan hüquqi bazanın yaradılması istiqamətində ölkəmiz çoxsaylı nailiyyətlərə imza atmağı bacarıb.
Ermənistanın işğalçılıq siyasətinə qarşı yönələn və ən nüfuzlu təşkilatlar, dövlətlər təərfindən qəbul edilən çoxsaylı qərarlar, qətnamələr də bunun real təsdiqidir. Məhz belə vəziyyət Ermənistana qarşı müvafiq addımlar atılması üçün tələb edilən hüquqi bazanı yaradıb. Lakin Azərbaycan diplomatiyası bununla kifayətlənməyərək Ermənistana qarşı müvafiq addımların atılmasını davam etdirir.
Son dövrlərdə bu xüsusda Ermənistana ölkəmiz tərəfindən Avropa İttifaqı çərçivəsində sərt diplomatik zərbələrin endirilməsi müşahidə olunur. Elə Avropa Parlamentinin müdafiə və təhlükəsizlik üzrə alt-komitəsinin sədri Anna Fotiqa tərəfindən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə Şərq Tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərə qanunsuz səfərlərlə bağlı ünvanlanan müraciət də bu qəbildən olan növbəti hal kimi dəyərləndirilə bilər. Müraciətdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın işğal olunmuş ərazilərinə rəsmi icazə almadan qanunsuz səfər edən Aİ vətəndaşlarının sayında son dövrlər artımın müşahidə olunduğu, bəzi hallarda hətta İttifaq ölkələrində yerləşən turizm agentlikləri tərəfindən təklif edilən bu qanunsuz səfərlərin beynəlxalq hüququ pozduğu diqqətə çatdırılır. Eləcə də, müraciətdə belə səfərlərin işğala haqq qazandırmaq məqsədi güddüyü və qurumun beynəlxalq nüfuzuna zərbə vurduğu, digər tərəfdən, qanunsuz səfər edənlərin özlərinin də bir çox hallarda arzuedilməz şəxs elan edildiyi, həmçinin hər an hərbi qarşıdurmanın baş verə biləcəyi ərazilərə yollanan insanların həyatının təhlükə altına düşə biləcəyi vurğulanıb.
Sözügedən müraciətin sonunda qeyd olunan məqamları nəzərə alaraq, Avropa İttifaqı tərəfindən öz vətəndaşları ilə bağlı bu qəbildən olan qanunsuz səfərlərin qarşısının alınması istiqamətində hansı addımların atıldığı soruşulur, İttifaq tərəfindən qanunsuz səfərlərin doğurduğu hüquqi və təhlükəsizlik fəsadları ilə bağlı vətəndaşları əvvəlcədən məlumatlandıracaq onlayn xəbərdarlığın yayılmasına çağırış edilir. Bu hal isə ermənitərəfi üçün ciddi zərbə sayılır. Çünki Ermənistan indiyə qədər Azərbaycanın işğal edilmiş ərazilərinə çoxsaylı qanunsuz səfərlər təşkil etməyə çalışıb və müəyyən sayda şəxsləri də aldadaraq öz bəd niyyətinin qurbanına çevirib. Amma belələrinin bir çoxu sonradan Azərbaycana müraciət edərək, ermənilər tərəfindən aldadıldığını bildirib. Məhz belə bir vaxtda Avropa Parlamentinin müdafiə və təhlükəsizlik üzrə alt-komitəsinin sədri Anna Fotiqanın müraciəti ermənilər üçün yeni sərt zərbə olub. Çünki bununla işğal altındakı ərazilərə qanunsuz səfərlərin qarşısı əhəmiyyətli dərəcədə alınır. Elə bu da Ermənistan üçün növbəti məğlubiyyət sayılır və Avropa İttifaqı çərçivəsində Azərbaycan üçün mühüm qələbə hesab edilir. Yeri gəlmişkən xaıtrladaq ki, elə bu günlərdə Avropa İttifaqında Azərbaycan Ermənistan üzərində əhəmiyyətli diplomatik nailiyyətə imza atmışdı. Belə ki, Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qurumun xarici əlaqələr komitəsinin hazırladığı “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamədə İrəvanın, erməni lobbisinin bütün cəhdlərinə rəğmən, ölkəmizin ərazi bütövlüyü təsbit edilmişdi.
Qeyd edək ki, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin müəllifi olduğu həmin qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin regional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb. Azərbaycanın maraqlarına tam cavab verən qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb olunur. Sənəddə digər vacib müddəa qaçqın və məcburi köçkünlərlə bağlıdır. Qətnamə Şərq Tərəfdaşlığı regionundakı münaqişələr zamanı yurd-yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardım edilməsini nəzərdə tutur. Sənəddə bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır. Vurğulanır ki, Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Avropa parlamentinin üzvü Andrejs Mamikinis bildirir ki, bu sənəd çox vacibdir, Avropa İttifaqının doktrinasıdır: “Sənəddə münaqişə zonalarına eyni platformadan yanaşma nəzərdə tutulub. Əvvəllər Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrdəki münaqişələrə eyni yanaşma sərgilənirdi, Azərbaycanla bağlı isə fərqli münasibət mövcud idi. Bu qətnamə isə belə ikili standartlara son qoyur. Artıq Avropa Parlamentinin üzvləri Azərbaycanın region üçün daşıdığı əhəmiyyəti dərk edirlər. Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlər Avropa İttifaqı üçün prioritet məsələdir. Bu ölkələrə yanaşmada obyektiv olmalıyıq. Ölkələrə görə onların problemlərinə fərqli münasibət göstərmək məqsədəuyğun deyil. Yekun qətnamə bu çatışmazlığı aradan qaldırır”.
Bütün bunlar onu göstərir ki, dünyanın mühüm iqtisadi, siyasi güc mərkəzlərindən biri olan Avropa İttifaqı Qarabağ məsələsinə daha obyektiv, prinsipial bir mövqedən yanaşır. Təbii ki, bu da Azərbaycan diplomatiyasının mühüm uğuru sayıla bilər. Onu da xatırladaq ki, Avropa İttifaqı çərçivəsində Ermənistana vurulan belə diplomatik zərbələr ötən ilin noyabrından özünü daha qabarıq formada büruzə verir. Belə ki, həmin vaxt Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən Birgə Bəyannamədə də ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunub. Elə o vaxt da Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəklənib. Xatırladaq ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.
Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Strategiyada qeyd edilir ki, Avropa İttifaqı gələcəkdə də Şərq Tərəfdaşlığı ölkələrində mövcud münaqişələrin həllində iştirak edəcək, ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizliyinin aparıcı elementləri olacaq. Bu prinsiplər həm Avropa İttifaqı daxilində, həm də Avropa İttifaqı sərhədlərindən kənardakı ölkələrə tətbiq ediləcək. Göründüyü kimi, məhz bu strategiyada öz əksini tapan prinsiplər Azərbaycanın da maraqlarına cavab verir və İttifaq ilə əməkdaşlığımızda başlıca prinsip kimi çıxış edir. Mütəxəssislərin fikrincə, Brüssel sammitində qəbul edilən Birgə Bəyannamə, bunun ardıcna cari il ərzində “Xarici fəaliyyət və təhlükəsizlik siyasəti” üzrə qətnamə, daha sonra isə Şərq Tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qanunsuz səfərlərin qarşısını nalınmasına hesablanan müraciət Avropa İttifaqı çərçivəsində Ermənistan üçün kifayət qədər böyük məğlubiyyətlərdir. Artıq Avropa İttifaqının başlıca yanaşması bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn hamılıqla tanınmış normaları və prinsiplərinə uyğun həll edilə bilər. Təbii ki, bundan Ermənistan və erməni lobbisi çox narahatdırlar. Çünki belə yanaşmalar fonunda erməni tərəfi artıq heç bir bəhanə ilə işğalçı qüvvələrin işğal etdiyi torpaqlardan çəkilməməsinə hüquqi don geydirə bilmir. O da aydın görünür ki, tədricən beynəlxalq təşkilatlar, o cümlədən də Avropa İttifaqı Azərbaycanın Qarabağ məsələsində haqlı tələblərinin yerinə yetirilməsini zəruri sayırlar. Buraad onu da nəzəər almaq lazımdır ki, Avropa İttifaqı ötən dövr ərzində Azərbaycanın etibarlı tərəfdaş olduğunu, Ermənistanla müqayisədə onun üçün daha böyük əhəmiyyət kəsb etdiyini görür. Ölkəmizlə qurum arasında iqtisadi-ticari, energetika və nəqliyyat əlaqələri qeyd olunanların real təsdiqidir. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamələr imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaş olduğu deməkdir. Hazırkı dönəmdə Azərbaycan Avropanın enerji təhlükəsizliyi siyasətində mühüm rol oynayır, Bakı qurumun enerji idxalının şaxələndirilməsində böyük əhəmiyyət daşıyır. Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi sayılır və Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirir. Təsadüfi deyil ki, “Cənub Qaz Dəhlizi“ layihəsinin həyata keçirilməsi təşəbbüsünü irəli sürən Azərbaycan Avropa Komissiyasının da davamlı dəstəyini əldə edib. Bu dəstək onun uğurla həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bütün bunlarla müqayisədə Ermənistan Avropa İttifaqı üçün heç nə vəd etmir. Məhz bu şəraitdə Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü məsələsinə daha prinsipial şəkildə dəstək verməsi tamamilə təbii sayıla bilər. Belə vəziyyətdə Avropa İttifaqının Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün artıq daha konkret fəaliyyətə keçməsi də mümkün sayılır. Elə bu da Azərbaycanın işğalçı ölkə üzərində üstünlüyünü əhəmiyyətli dərəcədə artırır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.