2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq. “Trend”in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.
Diplomat bildirib ki, bunun əsası artıq cari ildə qoyulub, yüksək səviyyədə bir neçə görüş keçirilib: "2019-cu ilin yanvar ayında da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir".
O, Rusiyanın münaqişənin həllinə köməyi davam etdirməyə hazır olduğunu bildirib.
Boçarnikov deyib ki, Rusiya Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirir. Diplomat bildirib ki, bu il strateji tərəfdaşlığın möhkəmləndiyi müşahidə olundu: "Əməkdaşlığın bütün sahələrində fəallaşma var".
2019-cu ildə əməkdaşlığın prioritetlərindən danışan M.Boçarnikov qeyd edib ki, bu, 2018-ci ildə razılıq əldə olunmuş sahələr üzrə əməkdaşlığın davam olacaq: "Bu il biz bir sıra sahələr üzrə, hər şeydən əvvəl ticari-iqtisadi münasibətlərin inkişafı haqqında razılığa gəldik".
M.Boçarnikov deyib ki, 2019-cu il ticari əməkdaşlığın inkişafı baxımından zəngin olacaq: "Tərəflər gələn il humanitar əməkdaşlığı genişləndirməyi də planlaşdırır".
Səfirin sözlərinə görə, Rusiya və Azərbaycan Trans-Xəzər nəqliyyat xətti yaratmaq, həmçinin kruiz turizmini inkişaf etdirmək niyyətindədir.
Diplomat qeyd edib: "Mən çox şadam ki, bu, Azərbaycanda çox mühüm hadisə hesab olunur. Bu konvensiya (Xəzər dənizinin hüquqi statusu haqqında - red.) konkret məsələlər üzrə əldə olunmuş razılıqlara əməl etməyə imkan verir. Hələ yekunlaşmamış sərhəd məsələləri qalır, lakin Rusiya və Azərbaycan arasında deyil".
M.Boçarnikov bildirib ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların saxlanması və digər sahələrdə əməkdaşlıq üzrə işlər aparılacaq.
Səfir əlavə edib ki, Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlıq fəal şəkildə inkişaf edir. Diplomat bildirib ki, hökumətlərarası komissiyanın bu yaxınlarda keçirilmiş iclasında müvafiq qərarlar qəbul edilib: "Azərbaycan son bir neçə il ərzində beynəlxalq hərbi oyunlarda fəal iştirak edir. Bildiyim qədər, bu yarışların bir hissəsi gələn il Azərbaycan ərazisində dənizdə keçirilə bilər".
M.Boçarnikov qeyd edib ki, iki ölkənin müdafiə nazirləri bir ildə bir neçə dəfə təmasda olurlar: "Cari ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi üç dəfə Azərbaycana səfər edib".
Səfirin sözlərinə görə, Rusiyanın hərbi məktəblərində azərbaycanlı hərbi qulluqçulara təlimlər keçirilir: "Rusiyanın Hərbi Dəniz Donanmasının və Sərhəd Xidmətinin gəmilərinin Azərbaycan limanlarına dostcasına girişi icra olunur".
Boçarnikov deyib ki, Azərbaycan və Rusiya iqtisadi əməkdaşlığın inkişafı üzrə növbəti addım atıb. Səfirin sözlərinə görə, hökumətlərarası komissiyanın iclasında gələcək illərdə reallaşdırılması nəzərdə tutulan məsələlər müzakirə olunub:
“İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya bizim ticari-iqtisadi əlaqələrimizin təşviqi üçün vacib vasitədir. Komissiyanın iclasında əvvəlcə ekspertlər səviyyəsində, daha sonra nazirlər səviyyəsində ticarət-iqtisadiyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Konkret tapşırıqlar qoyulub. Bu, həqiqətən də irəliyə doğru atılan addımdır”.
Rusiya səfiri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycanda filialının açılması barədə də danışıb. O deyib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycanda filialının açılması prosesi irəliləyir. O bildirib ki, hazırda filialın açılması ilə bağlı İnstitutla Azərbaycan tərəfi arasında danışıqlar davam etdirilir:
“Bu məsələ irəliləyir. Digər iki universitet də bunun üçün müraciət edib. Hələ qarşıda birbaşa danışıqlar prosesi olacaq. Ümid edirik ki, 2019-cu ildə digər iki universitetlə də bağlı irəliləyişlər olacaq”.
Qeyd edək ki, bir müddət əvvəl Mixail Boçarnikov Azərbaycanda 3 Rusiya universitetinin - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin filiallarının açılacağını demişdi.