Qabil Hüseynli: “Putinin ad günü münasibətilə İlham Əliyevə ünvanladığı təbrikdə Prezidentimizi uzaqgörən siyasətçi adlandırması...”
Artıq 2018-ci ili yola salmağa sayılı günlərimiz qalır. Məlumdur ki, adətən yola salınan ildə görülən işlər, əldə olunan nəticələr müzakirə olunur, növbəti il üçün isə planlar qurulur. Azərbaycan, bir ölkə olaraq, 2018-ci ildə bir sıra ciddi uğurlara imza atıb. Dövlətimizin bu il ərzində əldə etdiyi uğurlar müxtəlif sahələri əhatə edir.
Görünən budur ki, ölkəmiz bu il ərzində öz xarici siyasət kursunu da layiqincə davam etdirib. Bu baxımdan maraqlıdır: Azərbaycanın 2018-ci ildə xarici siyasət kursunda əldə etdiyi hansı nailiyyətləri xüsusi olaraq vurğulamaq olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, yola saldığımız il ərzində Azərbaycanın diplomatiya sahəsində ciddi uğurlara imza atdığını söyləmək olar: “Xüsusilə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində əldə olunan nəticələri qeyd etmək yerinə düşər. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsilə bağlı bir sıra mötəbər qurumların mühüm bəyanatları oldu. Bura NATO-nun Zirvə Toplantısından sonra verilən bəyanatı və Avropa Birliyinin xarici işlərə cavabdeh olan komissiyasının sədri xanım Mogerininin bəyanatını qeyd edə bilərik. Hər iki bəyanatda Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq dəstəklənib. Bunun özü böyük nailiyyətdir. Çünki əvvəlki illərdə həmin təsisatlar belə konkret mövqe ifadə etmirdilər. Bu xüsusda Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində görülən işləri, əldə olunan uğurları qeyd edə bilərik. Bütövlükdə, 2018-ci ildə Azərbaycan diplomatiyasının digər beynəlxalq qurumlarla da əldə etdiyi nailiyyətləri qənaətbəxş saymaq olar. Bunları biz münaqişə ilə bağlı olduğundan əvvəlcədən qeyd edirik. Bununla yanaşı, ikitərəfli münasibətlərin qurulması, inkişafı sahəsində də yola saldığımız ildə ciddi nailiyyətlər əldə etmişik. Məsələn, Türkmənistanla münasibətlərimiz bu il ərzində xeyli irəliləyib, hətta strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Özbəkistanla olan münasibətlərimizi də bu qəbildən saya bilərik. Ukrayna ilə münasibətlərimiz daha da inkişaf edib. Belarusla münasibətlərimiz bu il ərzində daha da yaxın dostluğu təsdiqləmiş oldu. Ermənistanla eyni hərbi blokda təmsil olunan bir ölkənin bizə belə münasibət bəsləməsi, hətta ən müasir silahları belə satması da bizim diplomatiyanın qazandığı uğurlar sırasına aiddir”.
Politoloqun sözlərinə görə, xarici siyasətin ümumi istiqamətində də dövlətimizin kursu ənənəvi olaraq qorunub saxlanıb: “Biz bunu balanslı siyasət kursunun davamında görürük. 2018-ci ildə Azərbaycan həm Qərb vektoru, həm də Rusiya vektoru üzrə əlaqələrini uğurla, balansı qoruyaraq davam etdirib. Rusiya Prezidenti Putinin il ərzində 3 dəfə Azərbaycana gəlməsi və burada çox mühüm danışıqlar aparması da buna sübutdur. Eləcə də Putinin ad günü münasibətilə İlham Əliyevə ünvanladığı təbrikdə Prezidentimizi uzaqgörən siyasətçi adlandırması xarici siyasət sahəsində hansı uğurlara imza atmağımızın ən bariz nümunəsidir. Ümumən, yola saldığımız ildə xarici siyasət kursumuzda əldə olunan uğurları qənaətbəxş saya bilərik”.
Məhəmmədəli QƏRİBLİ