Fikrət Sadıqov: “Əldə olunan nəticələr həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına uyğundur”
Məlum olduğu kimi, dekabrın 24-də Prezident İlham Əliyecvin 57 yaşı tamam oldu. Dünyanın bir sıra dövlət başçıları, müxtəlif tanınmış şəxslər ölkə başçısının ünvanına təbriklər səsləndirdilər. Bütün bunlar Prezident İlham Əliyevin dünyada necə böyük nüfuza malik olmasının göstəricisidir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Putinin təbrik məktubunda Prezident İlham Əliyev böyük siyasətçi kimi təqdim olunaraq, bir sıra məqamlara toxunulub. Putinin məktubunda deyilir ki, “Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmısınız. Dövlətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfəniz əvəzsizdir. Bizim aramızda yaranmış münasibətləri yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv dialoqun və sıx birgə işin davam edəcəyinə ümid bəsləyirəm”.
Bu bir daha Prezident İlham Əliyevin parlaq və uğurlu dövlət xadimi olmasının göstəricisidir. Bu baxımdan təbrik məktubunda Putinin ölkə başçısı ilə bağlı səsləndirdiyi konkret sözügedən məqamları ekspertlər necə şərh edirlər? Axı məlumdur ki, Prezident Putin heç də bütün dövlət başçılarına təbrik məktubu yazanda “öz ölkəsinin həqiqi lideri” və sair kimi orijinal ifadələr işlətmir. Məktubda bir sıra başqa ifadələr də var ki, bunlar yalnız Prezident Əliyevin özünə aid edilə bilər.
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu cür ehtiram Prezident İlham Əliyevin böyük siyasətçi olmasından irəli gəlir: “Eyni zamanda, bu, Azərbaycan-Rusiya münasibətlərinin yaxın olmasının göstəricisidir. Strateji partnyorluq iki ölkə arasındakı münasibətlərin göstəricisidir. Bu illər ərzində dövlət başçısı bir neçə dəfə Rusiyaya səfər edib. O cümlədən, Rusiya dövlət rəsmiləri bir neçə dəfə Azərbaycana səfər ediblər. Bütün bu səfərlər təkcə ziyarət xarakterli olmayıb. Tərəflər arasında müxtəlif sazişlər imzalanıb. Ona görə də bu cür təbrik təkcə protokol xarakterli deyil. Bu, eyni zamanda, iki ölkənin çox dərin və perspektivli münasibətlərə malik olmasını sübut edir. Bundan sonra da ikitərəfli münasibətlər inkişafda olacaq. Bir sıra məsələlərdə mövqelərimiz üst-üstə düşür. Eyni zamanda, iki ölkə birgə layihələrin həyata keçirilməsində güclü səylər ortaya qoyacaq. Əldə olunan nəticələr həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına uyğundur. Əminəm ki, Rusiya ilə münasibətlər bundan sonra da hərtərəfli inkişaf edəcək. Putin İlham Əliyevin gördüyü işləri yüksək qiymətləndirir”.
Namiq QULİYEV