Daşdəmir Əliyev: “Azərbaycanın adının bu sıraya salınması heç bir reallığı əks etdirmir”
Nüfuzlu “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində ABŞ Ordu Kollecinin professoru Robert Farli yazır ki, İkinci Dünya Müharibəsinin başa çatmasından bəri dünya iri nəhənglər arasında açıq hərbi toqquşmadan yayına bilib, amma son vaxtlar beynəlxalq situasiyanın getdikcə kəskinləşməsi yeni qlobal müharibə təhlükəsini artırıb. Məqalədə 2019-cu ildə üçüncü dünya müharibəsinin başlaya biləcəyi yerlərdən biri kimi Azərbaycan göstərilir.
Robert Farli hesab edir ki, superdövlətlər arasında münaqişənin alovlanacağı ən “qaynar” regionlar mövcuddur: “Daha az kritik münaqişələr o qədər də çox diqqət cəlb etmir, bu isə o deməkdir ki, zamanla onlar kimlərinsə diqqətini cəlb edənə qədər ciddi münaqişə zonalarına çevrilə bilərlər. Dağıdıcı münaqişə Baltikyanı regionda, Azərbaycanda, Kəşmirdə, hətta Venesuelada meydana çıxa bilər. Əgər üçüncü dünya müharibəsi başlasa o, tamamilə gözlənilməz istiqamətdən də başlaya bilər”.
Üçüncü dünya müharibəsinin başlaya biləcəyi nöqtələr arasında Azərbaycanın da adının çəkilməsini nə dərəcədə əsaslı saymaq olar?
Hərbi ekspert Daşdəmir Əliyevin sözlərinə görə, yaşadığımız zaman kəsiyində dünya müharibəsi ifadəsi bir qədər fərqli yanaşmanı tələb edir: “Yəni bundan əvvəl baş verən dünya müharibələri ilə hazırda ehtimal edilən dünya müharibələrini bir sıraya qoymaq olmaz. Aydındır ki, XX əsrdə hərbi-texniki inkişaf, yeni silahlar və supergüclər arasında artan ziddiyyətlər Birinci və İkinci Dünya müharibələrinin baş verməsinə səbəb oldu. Təxminən 100 milyon insanın öldüyü bu müharibələr bəşəriyyəti bir daha ehtiyatı əldən verməməyə, dağıdıcı gücə malik nüvə silahlarından imtina etməyə və ziddiyyətləri danışıqlar yolu ilə həll etməyə səsləyirdi. Həmin müharibələrdən sonra ölkələr kosmosu fəth, cürbəcür dağıdıcı gücə malik olan nüvə silahlarını istehsal etdilər. Bundan sonra dünyanın supergücləri müharibə anlamında bir-birilə ehtiyatlı davranmağa başladılar. Görürsünüz ki, hazırda supergüclər arasındakı maraq bölgüsü daha çox hibrid və iqtisadi müharibələr vasitəsilə aparılır. Bura sanksiyaları və ya seçkilərə texnoloji müdaxilələri aid edə bilərik. Ancaq bununla yanaşı, ölkələr öz silah arsenalını da zənginləşdirməkdə davam edirlər. Yeni dünya müharibəsinin başlayacağı ilə bağlı çoxlu sayda proqnoz verilib. Biz tamamilə fərqli mənzərənin şahidi oluruq. Dünyanın çox qaynar nöqtələrində superdövlətlərin maraqlarının kəsişdiyi müharibələrin şahidi olduq. Çox uzağa getməyək, Suriyanı qeyd edə bilərik. Orada, demək olar ki, dünyanın bir neçə ölkəsi bir-birilə vuruşurdu. Amma bunu bir qədər fərqli formada edirdilər. Bundan əvvəl İraq və Əfqanıstanda baş verənləri də buna misal göstərə bilərik. Bəlkə də elə orada baş verənlər dünya müharibəsinin kiçik modeli idi. Yəni bu cür qaynar nöqtələrdə iri miqyası əhatə edən dünya müharibəsi baş tutmayıbsa, onda Azərbaycanın adını yeni ocaq kimi göstərmək doğru deyil. Yəqin ki, hərbi ekspert bu iddianı Dağlıq Qarabağ münaqişəsinə görə çəkib. Amma düşünmürəm ki, bizim düçar olduğumuz münaqişədən hansısa dünya müharibəsinin başlaması doğa bilər. Hətta həmin konfliktlə bağlı müharibə olsa belə, bu, qlobal miqyası əhatə etməyəcək. Bir sıra parametrlər və şərait buna imkan vermir. Bəşəriyyətdə dünya müharibəsinin yaranmasına səbəb ola biləcək kifayət qədər qaynar nöqtələrin olduğu halda, Azərbaycanın adının bu sıraya salınması heç bir reallığı əks etdirmir. Biz İran ətrafında cərəyan edən proseslər və ya Şimali Koreyanın dünyanı nüvə silahı ilə təhdid etməsi kimi faktorlarla Azərbaycanın üzləşdiyi lokal mahiyyət daşıyan konflikti bir sıraya qoya bilmərik”.
Məhəmmədəli QƏRİBLİ