Məhəmməd Əsədullazadə: “Paşinyan ona görə bu ölkədə Mədəniyyət Nazirliyini ləğv edib ki, bu xalqın mədəniyyəti yoxdur”
Ermənistanın “Respublika” partiyasının sədr müavini Armen Aşotyan Nikol Paşinyanı kəskin tənqid edib. Onun fikrincə, Paşinyanın diletantlığı üzündən Ermənistan beynəlxalq müstəvidə Azərbaycana məğlub olur. Aşotyan Paşinyanı hökumətin işinin optimallaşdırması layihəsinə, xüsusən də Mədəniyyət Nazirliyinin ləğv edilməsinə görə tənqid edib.
Erməni mətbuatının yazdığına görə, Aşotyan Ermənistanın Azərbaycana UNESCO səviyyəsində məğlub olmasını xatırladıb: “Yunanıstanda, İtaliyada və ya Serbiyada heç kəsin ağlına "mədəniyyəti bağlamaq” gəlməz. Erməni-Azərbaycan qarşıdurmasında biz bu il ən böyük zərbəni UNESCO-da aldıq, o vaxt ki, bizimkilərin fəaliyyətsizliyinə və diletantlığına görə azərbaycanlılar özlərinin "Köçəri”yə oxşar rəqsini qeydiyyata aldıra bildilər. Halbuki, keçən il bizim səylərimizlə "Köçəri" artıq erməni qeyri-maddi mədəni irs nümunəsi kimi qeydə alınmışdı. Bu məsələdə ən təhlükəli məqam odur ki, azərbaycanlılar onu - diqqət - Naxçıvan ərazisindən rəqs kimi qeydə aldırdılar. Anlayırsınız ki, nə baş verir?".
Məlumat üçün qeyd edək ki, Azərbaycan milli rəqsləri “Yallı (Köçəri, Tənzərə) və Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu haqda qərar UNESCO-nun noyabrın sonunda Port-Luidə (Mavrikiya) keçirilmiş qeyri-maddi mirasın mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının gedişatında qəbul edilib. Bu, faktiki olaraq, həmin rəqslərin Azərbaycana aid olduğunun tanınması deməkdir.
Azərbaycanın ərizəsi Mədəniyyət Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinin birgə işi nəticəsində təqdim edilib. Naxçıvanın təqdimatında əsas məqsəd Azərbaycanın bu qədim tarixi bölgəsinin əhalisinin ənənələri və folkloru haqqında dünyaya daha çox məlumat çatdırılmasına kömək etmək və bu ənənələri UNESCO səviyyəsində qorumaq idi. Erməni tərəfi "Yalli" rəqsinin UNESCO siyahısına daxil edilməsinə mane olmaq istədi, lakin bu təxribat cəhdinin qarşısı alındı.
Görünən odur ki, Azərbaycanın bununla bağlı apardığı sistemli siyasət öz bəhrəsini verir. Ermənistan daha beynəlxalq təşkilatları aldada bulmir. Onlar nəinki ərazilərimizi, eyni zamanda mədəniyyət nümunələrimizi də öz adlarına çıxarmaq istəyirlər. Vəziyyət o həddə gəlib çatıb ki, artıq erməni tərəfi özü də belə halların mümkün olmadığını etiraf edir.
Bu baxımdan Azərbaycanın əldə etdiyi uğuru ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan Qafqazda böyük tarixi mədəniyyəti ilə burada yaşayan digər azsaylı xalqlardan fərqli olaraq zəngin mədəni irsə malikdir: “Tarixi bağlılığı daim yaşadan Azərbaycan xalqı öz mədəniyyətini inkişaf etdirib, beynəlxalq miqyasda tanıtdırıb. Təəssüf ki, sonradan süni olaraq yaradılan bədnam qonşumuz Ermənistan zamanla Azərbaycan mədəniyyətindən oğurluqlar etməklə, bunu öz adlarına çıxarmağa çalışırlar. Biz fikir versək görərik ki, Ermənistanda səslənən musiqilərin, verilən yeməklərin 80 faizi Azərbaycandan oğurlanıb. Bu onu göstərir ki, heç bir tarixi mədəniyyətə malik olmayan ermənilər Azərbaycan xalqına qarşı öz mədəni oğurluğunu həyata keçiriblər. UNESCO beynəlxalq mədəni irsləri qoruyan təşkilat olduğu üçün Azərbaycanın öz zəngin tarixini burada əks etdirməsi, görünür, ermənilərin narahatlıqlarına səbəb olur. Ermənistanın “Respublika” partiyasının rəsmisinin qeyd etdiklərinə gəldikdə isə, bunlar o qədər oğru və özgəsinin mədəniyyətində gözü olan millətdir ki, bir-birlərini utanmadan ittiham edirlər. Paşinyanın diletant olduğuna şübhə yoxdur. Ancaq Qarabağ ermənilərindən fərqli olaraq, görünür, o, xəstə təxəyyüldən istifadə etmək istəmir. O yaxşı bilir ki, UNESCO-da qeydiyyata alınan “Köçəri” rəqsi Azərbaycana məxsusdur. Görünür, “Qarabağ klanı” bu kimi məsələlərdə Paşinyanı ittiham etməyə başlayıb. Paşinyan ona görə Ermənistanda Mədəniyyət Nazirliyini ləğv edib ki, bu xalqın mədəniyyəti yoxdur. Hesab edirəm ki, Azərbaycan xalqı artıq öz mədəniyyətinə qarşı Ermənistanın bu kimi həyasız siyasətinin qarşısını alacaq”.
Vidadi ORDAHALLI