Əhəd Məmmədli: “Bunun da fonunda Ermənistanla qondarma “DQR” arasındakı münasibətlər daha da kəskin fazaya qədəm qoyacaq”
Məlum olduğu kimi, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hazırda törətdiyi cinayətlərə görə İrəvanda istintaq təcridxanasında saxlanır. Erməni mediası növbəti hədəfin onun xələfi, yəni 3-cü prezident Serj Sarkisyan olduğunu xəbər edir. Ancaq hiss edilir ki, Köçəryanın tərəfdarları liderlərinin həbsini asanlıqla həzm etmək istəmirlər.
Buna etiraz olaraq onlar Xankəndidə “Köçəryana azadlıq” tələbilə mitinq keçiriblər. Xankəndi şəhərində minlərlə sakinin Ermənistanın keçmiş prezidenti R.Köçəryanın müdafiəsinə qalxmasına separatçı rejim sərt cavab verib. Oradakı “güc strukturları”nın mitinqə müdaxilə etməsi nəticəsində 5 nəfər həbs edilib. Mitinqdə iştirak edən ermənilərin Nikol Paşinyan hökumətinin əleyhinə şüarlar səsləndirməsi ciddi toqquşmalara səbəb olub. Separatçı rejimin ərazisində Köçəryanın müdafiəsinə həsr olunan aksiyaların keçirilməsi oradakı rejimlə Ermənistan hakimiyyətinin münasibətlərinə hansı formada təsir edə bilər?
Politoloq Əhəd Məmmədli qəzetimizə bildirdi ki, Köçəryanla bağlı qondarma “DQR” ərazisində atılan addımlar Ermənistandakı klanlararası münasibətlərdəki ziddiyyətdən qaynaqlanır: “Məlumdur ki, Ermənistanı 20 il ərzində idarə edən Köçəryan və Sarkisyan cütlüyü məhz Qarabağ klanının nümayəndələri olublar. Paşinyan hakimiyyətə gələndən sonra həmin klanla mübarizəni gücləndirdi. Qondarma “DQR”dəki indiki rejim də Köçəryan-Sarkisyan idarəetməsindən qalan “yadigardır”. Yadınızdadırsa, Ermənistanda inqilab baş verəndən bir neçə gün sonra qondarma qurumda hakimiyyət əleyhinə mitinqlər başladı. Sonra Paşinyan ora səfər etdi. Separatçıların lideri Bako Saakyan bəyan etdi ki, bundan sonra seçkilərdə namizədliyini irəli sürməyəcək. Çox güman ki, Paşinyanla onun arasında əldə edilən bu razılaşma separatçı rejimin devrilməsi ilə bağlı layihəni təxirə salmış oldu. Amma yenə də Paşinyanın təzyiqi ilə bir neçə məmur istefaya göndərildi. Çox maraqlıdır ki, Xankəndidə Köçəryanın müdafiəsinə həsr olunan mitinqə paralel olaraq, məhz həmin gün Moskvadakı Ermənistan səfirliyinin önündə də etiraz aksiyasının keçirilməsi nəzərdə tutulurdu.
Hətta həmin tədbirlə bağlı Ermənistanın Rusiyadakı səfirliyinin “Facebook” səhifəsində xəbərdarlıq da ünvanlanmışdı. Səfirlik mitinqdə iştirak edəcək insanları Rusiya qanunvericiliyinin bütün tələblərinə tabe olmağa və yanlış hərəkətlər etməməyə çağırırdı”.
Politoloqun sözlərinə görə, Xankəndidəki aksiya baş tutsa da, Moskvadakı barədə heç bir məlumat verilmədi: “Aydındır ki, Ermənisrtanda hakimiyyətdə olan qüvvələr heç vaxt istəməz ki, ona müxalif olan şəxslər “DQR”də hakimiyyətdə olsun. Bu, ən azı, çox ciddi problemlərin yaranmasına səbəb ola bilər. Bu səbəbdən də Paşinyan orada ciddi nizam-intizam yaratmağa çalışacaq. Ancaq bölgə həssas olduğu üçün, açıq kartla oynamır, ciddi ehtiyat edir ki, separatçı rejim ön cəbhədə edə biləcəyi təxribatla onu pis vəziyyətə salar. Köçəryanla bağlı müdafiə mitinqinin həm Moskvada, həm də Xankəndidə eyni ana təsadüf etməsi prosesin vahid mərkəzdən idarə edildiyinə sübutdur. Köçəryanı rəsmi Moskva, birmənalı olaraq, müdafiə edir. Putinin bu yaxınlarda Köçəryana şəxsən zəng etməsi də buna sübutdur. Yəqin ki, son mitinq məsələsi Paşinyanı bir qədər dərindən narahat edəcək. Çünki separatçı rejimin birbaşa Moskva ilə kontakt qurması və ora itaət etməsi ilə bağlı məlumatlar vardı. Bu faktlar həmin dəlilləri bir qədər də inandırıcı edir. Təbii ki, Paşinyan qısa zamanda separatçı qurumda daha ciddi nizam-intizamın olmasını görmək istəyəcək. Separatçılar da asanlıqla təslim olmayacaq və bunun da fonunda Ermənistanla qondarma “DQR” arasındakı münasibətlər daha da kəskin fazaya qədəm qoyacaq”.
Məhəmmədəli QƏRİBLİ