Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi təyin olunub. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bununla bağlı KTMT Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərarını imzalayıb.
"Belarus Təhlükəsizlik Şurasının dövlət katibi (Zas) artıq Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiyada olub. Bu ölkələrin rəhbərləri Belarusun namizədini dəstəkləyib. Aleksandr Lukaşenko, həmçinin KTMT Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərarını imzalamaqla Zasın rəsmi olaraq namizədliyini dəstəkləyib", - deyə məlumatda bildirilir.
Stanislav Zas yeni baş katib kimi 2019-cu ilin əvvəlində işə başlayacağına ümid etdiyini deyib. "Bütün rəsmiləşdirmələr tamamlanmaq üzrədir. Hesab edirəm ki, qarşıdakı günlərdə, yaxud, gələn ilin əvvəlində bütün hüquqi rəsmiləşdirmələr başa çatacaq və yeni vəzifədə işə başlayacağam", - Zas bildirib.
Qeyd edək ki, KTMT baş katibi postuna Stanislav Zasın namizədliyi bir müddətdir müzakirə olunurdu. KTMT üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan Belarus təmsilçisinin namizədliyinə dəstək verib. Belarus prezidenti KTMT-ı üzvü olan Ermənistanın S.Zasın namizədliyinə qarşı çıxmasına təəccübləndiyini bildirib.
Qeyd edək ki, Ermənistan Yuri Xaçaturovun yerinə baş katibin İrəvan nümayəndəsi olmasına təkid edirdi. Xaçaturova 1 mart 2008-ci il hadisələrinə görə ölkəsində ittiham elan olunmasından və onun geri çağırılmasından sonra baş katib postu boş qalmışdı. Ermənistan nümayəndəsi 2020-ci ilədək seçildiyi halda, yalnız il yarım baş katib vəzifəsini tuta bilib. Buna görə, İrəvan Xaçaturovun başqa bir erməni ilə əvəzlənəcəyinə ümid bəsləyirdi. Ancaq KTMT-nin noyabrın 7-də Astanada keçirdiyi sammit Ermənistan üçün uğursuzluqla nəticələndi. Sammitdə təşkilatın yeni baş katibinin seçilməsi gözlənilsə də bu baş vermədi. Həmin vaxt Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.
Xatırladaq ki, S.Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Həmçinin 1996-cı ildə Belarus Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Baş Qərargahının hərbi akademiyasında təhsil alıb. Silahlı qüvvələrdə müxtəlif vəzifələrdə xidmət keçən Zas 2008-ci ilin avqustunda Belarus Təhlükəsizlik Şurasının katibinin müavini təyin edilib. 2015-ci ildən isə Təhlükəsizlik Şurasına rəhbərlik edir.