Elşən Əliyev: “Ermənistanı çox ciddi iqtisadi böhran gözləyir”
Rusiya Baş naziri Dmitri Medvedyevin müavini Dmitri Kozak Ermənistan hökumətinə - konkret olaraq erməni həmkarı Tiqran Avinyana rəsmi məktub ünvanlayaraq, 2019-cu ildən etibarən Rusiyanın satdığı təbii qazın qiymətinin artacağını deyib. Bu barədə məlumatı erməni saytları etibarlı mənbələrinə istinadən yazıblar.
Məktubda Dmitri Kozak bildirib ki, Rusiyanın sərhəddəki qazının min kubmetrinin qiyməti 215 dollar olacaq və bu qərar müzakirəyə qoyulmur.
Qeyd edək ki, hazırda Ermənistan sərhəddə Rusiya qazının min kubmetrini 150 dollara alır. İrəvan bu qiymətin daha da azaldılmasını istəyir və bunun üçün Moskva ilə danışıqlar aparır. Erməni KİV-ləri isə yazırlar ki, razılıq əldə olunmazsa, gələn ildən Rusiya təbii qazını Ermənistana daha baha qiymətə satacaq ki, bu da erməni istehlakçıların daha çox vergi verməsi ilə nəticələnəcək.
Təbii qazın qiymətinin bu şəkildə qaldırılması onsuz da iqtisadi vəziyyəti çox acınacaqlı olan Ermənistana nələr vəd edir?
İqtisadçı Elşən Əliyev qəzetimizə bildirdi ki, Ermənistan enerji resursları ilə zəngin ölkə deyil: “Bilirsiniz ki, indiki şəraitdə istənilən ölkənin təbii qaza ciddi ehtiyacı var. Ermənistan bu tələbatını Rusiyanın hesabına ödəyirdi. Əvvəlki isti münasibətlərin fonunda, Rusiya Ermənistana qazı real bazar qiymətlərindən çox aşağı qiymətə satırdı. Paşinyan hakimiyyətinə Rusiya qazın qiymətini qaldıracağı ilə bağlı xəbərdarlığı əvvəlcədən etmişdi. Paşinyan Rusiyanın bu addımını şantajla netrallaşdırmağa çalışdı. Rusiya qazının əsas paylacısı olan şirkətə cinayət işi açdırdı, onun ofisində axtarışlar apardı. Amma görünür bu da fayda vermədi ki, Rusiya mövqeyini konkretləşdirib. Bəllidir ki, Rusiya çox vaxt enerji təzyiqindən siyasi maraqlar toqquşanda istifadə edir. Biz bunu Ukrayna ilə də bağlı gördük. Bu baxımdan da Ermənistanla yaşanan gərginliyin fonunda, Rusiyanın qiymət siyasətinin qəti olduğu qənaətini yaradır. Qazın qiymətinin 43% artması Ermənistanın onsuz da bərbad olan iqtisadiyyatının vəziyyətini daha da pisləşdirəcək. Çünki enerji daşıyıcılarının qiymətinin yarıya-yarı qalxması hökuməti digər sahələrdə də qiymət artımına getməyə vadar edəcək ki, bu da əhalinin vəziyyətini kəskin pisləşdirəcək. Faktiki olaraq, bunu Moskva tərəfindən Paşinyan hökumətinə təzyiqin başlanğıcı kimi qiymətləndirmək olar. Paşinyan verdiyi vədləri yerinə yetirməmiş belə “sürprizlə” rastlaşdısa, onun üçün çox çətin olacaq. Özünü blokada şəraitinə salan Ermənistanın yeganə ümidi İrana qalır. Artıq Ermənistan İrandan qaz almaq niyyətini açıq bəyan edib.
Ermənistanın İrandakı səfiri Tehranda İrəvanın İrandan qaz almaq istəyi məsələsini qaldırıb.
O, Ermənistanın İranla əməkdaşlığının inkişafına hazır olduğunu deyib və yaxın gələcəkdə iki ölkənin ticarət dövriyyəsinin artacağına ümid etdiyini bildirib.
Səfir deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkənin xarici kursu dəyişməyib, baxmayaraq ki, Tehranla münasibətlərin məhdudlaşdırılması məqsədilə Vaşinqton İrəvana təzyiq edir. Tumanyanın sözlərinə görə, amerikalılar Ermənistanla İran arasında əlaqələrin əhəmiyyətini başa düşüblər.
Məlumdur ki, Ermənistanın qaz bazarı Rusiyanın inhisarındadır və Rusiya hər zaman Tehranın Ermənistan bazarına çıxışına qarşı olub. Odur ki, İrandan daha ucuz qaz almaq ideyası məhz İrəvanın xarici siyasi kursunun dəyişməsi demək olacaq. İrana tətbiq edilən sanksiyaların fonunda, ABŞ-ın da belə əlaqədən razı qalacağı inandırıcı görünmür. Buna görə də Ermənistanı çox ciddi iqtisadi böhran gözləyir”.
Məhəmmədəli QƏRİBLİ