Hacı Nizami Rza: “İki il bundan əvvəl Rusiya Pravoslav Kilsəsinin patriarxı II Kiril üzünü ermənilərə tutaraq bildirdi ki...”
Məlum olduğu kimi, Ukraynanın Pravoslav Kilsəsi Rusiyanın Pravoslav Kilsəsindən ayrılıb. Bu yaxınlarda Konstantinopol Ortodoks Kilsəsi Ukraynanın Pravoslav Kilsəsini Moskva Patriarxatından çıxarmaq qərarı verib. Bu hadisədən sonra Ermənistan mətbuatında erməni katolik kilsəsinin də Rusiya Pravoslav Kilsəsindən ayrılacağı barədə şübhəli xəbərlər yer alır.
Ümumiyyətlə, ikisi də xristian təriqəti olsa da, pravoslav və qriqoriyan kilsələri arasında heç bir əlaqə mövcud deyil. Bu halda, erməni qriqoriyan kilsəsi Rusiya Pravoslav Kilsəsindən necə ayrıla bilər?
Tanınmış dinşünas Hacı Nizami Rza “Bakı-Xəbər”ə bildirdi ki, erməni kilsəsi Rusiya Pravoslav Kilsəsinə heç bir vəchlə rəsmən bağlı deyil, sadəcə, zaman-zaman erməni kilsəsi qeyri-rəsmi olaraq Rusiya Pravoslav Kilsəsi tərəfindən himayə olunub. “Erməni kilsəsi ilə Ukrayna Pravoslav Kilsəsi heç zaman müqayisə oluna bilməz. Onlar bir-birindən fərqli status daşıyan kilsələrdir. Dünyada xristianlığın 28 kilsə şurası var və onlar bu günə qədər bu və ya digər dini icmanın, sektanın, təriqətin qanuni fəaliyyətinə icazə verirlər. Erməni qriqoryan kilsəsi rəsmən Rusiya Pravoslav Kilsəsinə daxil deyil. Amma ermənilər Qafqaza köçürüldükdən və bizim torpaqlarda yerləşdirildikdən etibarən pravoslav kilsəsi dolayısı yollarla erməni kilsəsini himayə edir. Bilirsiniz ki, ermənilər tarixən əqidəli toplum olmayıblar. Xristian dininə mənsub olan digər xalqlar onlardan öz məqsədləri üçün istifadə ediblər. Ermənilər hay-küy salırlar ki, biz də ukraynalılar kimi Rusiya Pravoslav Kilsəsindən ayrıla bilərik, ancaq bunun heç bir əsası yoxdur. Bu gün Ermənistanda ictimai-siyasi vəziyyət çox acınacaqlıdır. Eməni katolikosu II Qaregin xalqın etimadını itirib. Adı müxtəlif qalmaqallarda hallandırılan katolikosun hansı əməllər sahibi olduğu hər kəsə məlumdur. Bu gün Paşinyan Qərb dövlətlərinə meyl edir, özünü elə göstərir ki, guya Rusiya ilə münasibətlərə soyuq yanaşır və s. Bu hamısı cəfəngiyyatdır. Paşinyan da, erməni kilsəsi də öz əqidəsizliyi ilə hər tərəfə meyl göstərməklə Rusiyanı şantaj etmək məqsədi güdürlər. Bu gün Rusiya Pravoslav Kilsəsinin erməni kilsəsinə heç bir ehtiyacı yoxdur. Əksinə, Eçmiədzinin Rusiya Pravoslav Kilsəsinin himayədarlığına ehtiyacı var. Məsələ burasındadır ki, II Qareginin erməni katolikosu seçilməsinə Rusiya dəstək verib. İki il bundan əvvəl Rusiya Pravoslav Kilsəsinin patriarxı II Kiril üzünü ermənilərə tutaraq bildirdi ki, biz onlara kömək etməsəydik, indi Türk dünyası erməniləri məhv etmişdi. Rusiya Pravoslav Kilsəsi erməni kilsəsini himayə etdiyi üçün, erməni kilsəsi bu baxımdan həmişə özünü ondan asılı hiss edib”.
Müsahibimiz qeyd etdi ki, erməni qriqoriyan kilsəsi Rusiya Pravoslav Kilsəsinin tabeliyində olsaydı belə, o heç zaman öz himayədarını itirmək istəməzdi. Ola bilsin, Rusiya Pravoslav Kilsəsi özü artıq erməni kilsəsini himayə etmək istəmir, bundan duyuq düşən ermənilər qabaqdan gəlmişlik edirlər.
İradə SARIYEVA