Yeganə Hacıyeva: “Ola bilər ki, bu iki termin arasındakı fərq çoxlarının nəzərindən qaçsın, amma politologiyanı dərindən bilənlər fərqin ciddiliyini yaxşı dərk edirlər”
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan gələn həftə Rusiyaya işgüzar səfər edəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında deyib.
Ermənistanla münasibətləri necə bərpa etmək fikrində olduqları barədə sualı cavablandıran dövlət başçısı bildirib ki, aralarında uçub-dağılan, bərpa edilməli olan heç bir şey yoxdur və Paşinyanla görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər müzakirə oluncaq: “Ermənilər Cənubi Qafqazda rusların ən yaxın tərəfdaşıdır və ümid edirəm ki, belə də olacaq. Rusiyanın strateji tərəfdaşı olan bu ölkə ilə münasibətlər stabildir. Paşinyanla görüşdə bu münasibətlərin inkişafı diqqət mərkəzində olacaq”.
Məlumdur ki, Ermənistanla Rusiya arasındakı münasibətlərin hazırkı vəziyyəti heç də Putinin təsvir etdiyi kimi görünmür. Əslində, Putinin diplomatik nəzakətdən irəli gələn yanaşmasının özündə də münasibətlərdəki gərginliyin elementləri nəzərə çarpır. Maraqlıdır ki, Putin Ermənistanı əvvəlki kimi müttəfiq yox, strateji tərəfdaş kimi təqdim edir. Putinin bu şəkildə etdiyi təqdimatdan Ermənistan-Rusiya münasibətləri haqda hansı nəticəni çıxarmaq olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Putinin mətbuat konfransında Ermənistanla bağlı işlətdiyi fikirlər səmimiyyətdən yox, diplomatik etiket normalarına riayətdən irəli gəlir: “Rusiya-Ermənistan münasibətlərinə keçmişin yox, indinin prizmasından yanaşmaq lazımdır. Aydındır ki, imperialist maraqlarını gizlətməyən Rusiya keçmiş postsovet məkanında öz mənafeyini kiməsə güzəştə getmək istəmir. Hətta yeri gələndə bunu sərt və açıq mətnlə də ifadə edir. Məsələn, Ermənistanla müqayisədə Rusiyadan daha çox bağlarını qırmağı bacaran Gürcüstanın NATO ilə sıx əməkdaşlığına Rusiya olduqca sərt və ultimativ tərzdə reaksiya verir. Belə olan təqdirdə, Ermənistanı onun əldən buraxmaq istəməməsi də təbiidir. Çünki hazırda Cənubi Qafqaz respublikaları içərisində Rusiyanın hərbi bazaları məhz Ermənistanda mövcuddur. Tarixən Rusiya ilə maraqları toqquşan İran və Türkiyə kimi böyük ölkələrlə Ermənistan arasındakı sərhədi də hazırda erməni deyil, rus əsgərləri qoruyur. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya üçün forpost funksiyasını yerinə yetirən Ermənistanın başqa yönə istiqamət götürməsi asanlıqla baş tuta bilməz”.
Politoloqun sözlərinə görə, Rusiya əvvəlki müttəfiqində baş verən hakimiyyət dəyişikliyindən sonra belə sapma əlamətlərini hiss etdiyi üçün, Ermənistanı sıxır: “Bəli, hazırda Rusiya ilə Ermənistan arasındakı münasibətlərin vəziyyəti olduqca gərgindir. Bu özünü Ermənistana KTMT səviyyəsində bəslənən münasibətdə də aydın göstərdi. Bundan sonra Rusiyanın xarici işlər nazirinin müavini Ermənistandan ABŞ-la bağlı sərt mövqe ortaya qoymağı tələb etdi. Açıq-aydın görünür ki, Rusiya Paşinyanın sağa-sola vərgər etməsindən məmnun deyil. Paşinyanın hakimiyyəti tam ələ alandan sonra ilk səfərini məhz Moskvaya etməsi də təsadüfi deyil. Çox güman ki, o, Putin qarşısında seçkilərin keçirilməsinə kimi vaxt götürmüşdü. Artıq proses yekunlaşıb, gedib hesabat verməyin və gələcək addımların müzakirəsinin zamanıdır. Buna görə də Paşinyan, ilk olaraq, Putinin hüzurunda görünməyi seçib. Diplomatiyada bəzi fikirlər incə nüanslarla çatdırılır. Artıq Rusiya istiqamətində Ermənistana yanaşmada müttəfiq ifadəsi kənara qoyulub. Biz bunu Rusiyanın tam nəzarətində olan KTMT-nin yeni baş katibinin Paşinyana ünvanladığı təbrik məktubunda da gördük. Orada da Ermənistan müttəfiq deyil, tərəfdaş kimi qeyd edilirdi. Putinin çıxışında da Ermənistana strateji tərəfdaş deyilir. Ola bilər ki, bu iki termin arasındakı fərq çoxlarının nəzərindən qaçsın, amma politologiyanı dərindən bilənlər fərqin ciddiliyini yaxşı dərk edirlər. Paşinyanın Moskva səfərindən sonra biz Rusiyanın davranışlarından iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğunu müəyyənləşdirə biləcəyik”.
Məhəmmədəli QƏRİBLİ