Tanınmış rusiyalı politoloq Yevgeni Satanovski Kremlin ən qızğın təbliğatçılarından olan Vladimir Solovyovun verilişində Prezident Vladimir Putinin ünvanına tənqid və təhqirlər səsləndirib. Hər zaman Türkiyənin, Azərbaycanın əleyhinə olan və qatı ermənipərəst mövqeyi ilə seçilən Satanovski Putinin hazırkı vəziyyətdən, reallıqlardan xəbərsiz olduğunu, öz aləmində yaşadığını bildirib.
Satanovski, həmçinin, Putini yalan danışmaqda günahlandırıb və onun “qırmızı cizgilərini” ələ salıb: “Paralel olaraq, hərbi sənayenin deqradasiyası baş verir. İndi (deyirlər) hərbi sənaye azca qalxıb, ya da qalxır... Bu dəqiq belədirmi? Bilmirəm. Düşünürəm ki, Putin də bilmir. Boş yerə deyilməyib ki, o öz Limuzinində bankadakı tarakan kimi oturub...”.
Daha öncə həbsindən bir müddət əvvəl Donbas separatçılarının sabiq lideri İqor Qirkin (Strelkov) Putini “həşərat” adlandırmışdı. İndi isə belə görünür ki, estafeti Kremlə yaxın, hakimiyyətə loyal politoloqlar ələ keçiriblər. Nə baş verir?
“Bütün bunlar o deməkdir ki, hakimiyyətdəki elita daxilində Putinə qarşı müxalifət formalaşır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Rusiya hakimiyyəti daxilində ixtilaflar kəskinləşməyə doğru gedir: “Rusiya prezidenti artıq onun əsas təbliğatçısı olan Solovyovun verilişində asağılanırsa, bu çox ciddi siqnaldır. Bütün bunlar o deməkdir ki, hakimiyyətdəki elita daxilində Putinə qarşı müxalifət formalaşır. Rusiya təhlükəsizlik orqanları V. Putindən canlarını qurtarmağa çalışır. Strelkovun uzun müddət idi Putini kəskin tənqid etməsi təsadüfi deyildi. Hakimiyyət daxilində onu himayə edən qüvvələr var. Yoxsa Rusiya kimi ölkədə bu elə də mümkün olan iş deyildi. Digər tərəfdən, Ukraynanın əks-hücumları uğurla davam etdikcə, siyasi sistem daxilində müxalifət daha da güclənəcək. Putinə qarşı olanlar daha da cəsarətlənəcəklər. Priqojin qiyamı göstərdi ki, Rusiya çox zəifdir. Ümumiyyətlə, dövlət başçısını təhqir etmək qanunla qadağandı. Rusiya kimi böyük bir dövlətin efirində və 20 ildir Putin haqqında mif yaradan Solovyov kimilər ona qarşı təhqirlərə keçirsə, demək situasiya kifayət qədətr ciddidir. Sıradan bir jurnalistin çıxıb televiziyada, ciddi bir efirdə belə ifadələr işlətməsi nonsensdir. Nəzərə almaq lazımdır ki, Satanovski Federal Təhlükəsizlik Xidmətinə bağlıdır və oradan alınan təlimatla danışır. Bu baxımdan hesab edirəm ki, Putin üçün geriyə sayım başlayıb və bunu dayandırmaq mümkün olmayacaq. Düşünürəm ki, Rusiyada bundan sonra daha da ciddi proseslər olacaq. Putinə qarşı daxili müxalifət formalaşir. Televiziyalarda Putinə yönəlik belə çıxışlara yer verilməsi xalqın ona qarşı səfərbər olmasına zəmin yaradır. Ona görə də əminəm ki, belə kampaniyanın başlaması Putin üçün yaxşı nəticələnməyəcək”.
Vidadi ORDAHALLI