“ABŞ və Avropa indi üçüncü ölkədə Azərbaycan və “Artsax” nümayəndələri arasında görüş təşkil etməyə çalışır”. Belə bir iddia ilə Qarabağın separatçı liderlərindən Tiqran Petrosyan çıxış edib edib.
Onun sözlərinə görə, ilkin razılaşmaya əsasən, avqustun 1-də Sofiyada ictimai təşkilatların nümayəndələri arasında görüş keçirilməli idi. O qeyd edib ki, Rusiya bundan xəbər tutub və müəyyən addımlar atıb: “Sonra format dəyişdi. Görüş Bratislavada “Artsax” və Azərbaycan nümayəndələri arasında keçirilməli idi, lakin ötən gün Bakı heç bir səbəb göstərmədən görüşdən imtina etdi. Sabah və ya o biri gün Qərb ölkələrinin nümayəndələri gələcək, müəyyən müzakirələr aparılacaq və onlar başa çatdıqdan sonra nəticələri təqdim edəcəm. Moskva bizə Yevlaxda görüş təklif edir”.
Ümumilikdə, görüş olacaqsa, bu, Azərbaycanda keçirilməlidir. Maraqlıdır, bu kimi məlumatları ekspertlər necə dəyərləndirir?
“Dialoq çərçivəsində növbəti görüş yalnız və yalnız Azərbaycan şəhərlərindən birində baş tuta bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Turan Rzayev hesab edir ki, Laçın postu ətrafında son günlər yaradılmış süni gərginlik fonunda həm erməni rəsmilər, həm media, həm də ekspertlər Bakı ilə Qarabağdakı ermənilər arasında dialoqun baş tuta biləcəyinə dair iddiaları tirajlayır: “Diqqətçəkən məqam mümkün məkan kimi Bolqarıstanın adının qeyd edilməsi və prosesə ABŞ-ın vasitəçilik edəcəyinin vurğulanmasıdır. Bakı ilə Qarabağdakı ermənilər arasında dialoq baş tuta bilər. Prinsip etibarı ilə Azərbaycan buna qarşı deyil. Qarabağ erməniləri ilə ilk danışıq 2023-cü il martın 1-də Xocalı şəhərində baş tutdu. Azərbaycan tərəfdən bu missiya Milli Məclisin deputatı Ramin Məmmədova həvalə edilmişdi. Görüş Rusiya sülhməramlı kontingentinin Xocalıdakı qərargahında keçirildi. Lakin növbəti görüşün Bolqarıstan və ya hansısa digər ölkədə keçirilməsi mümkün deyil. Rəsmi Bakı Qarabağdakı ermənilərlə dialoqda maraqlı olsa da, bunu daxili məsələsi hesab edir. Azərbaycanın indiki məqamda daxili məsələsi hesab etdiyi mövzunu başqa bir ölkədə keçiriləcək görüşdə müzakirə etməsi məsələni daxili məsələmiz olmaqdan çıxarır. Xüsusilə qeyd etmək lazımdır ki, ilk danışıq Xocalıda, yəni Azərbaycan şəhərində baş tutdu. Rəsmi Bakı bu addım ilə dialoqda maraqlı olduğunu göstərdi. Lakin bu o demək deyil ki, dialoq yalnız ermənilərin şərtləri və istəkləri əsasında baş tutacaq. Azərbaycan Prezident Administrasiyası Qarabağ ermənilərini danışıq üçün bir neçə dəfə Bakıya dəvət etsə də, onlar bundan imtina edib. Nəticə etibarilə dialoq çərçivəsində növbəti görüş yalnız və yalnız Azərbaycan şəhərlərindən birində baş tuta bilər. İkinci bir ölkədə dialoq adı altında görüşün keçirilməsi mümkün deyil. Bu, rəsmi Bakının Xankəndini özü ilə bərabər səviyyədə tanıması və dövlət statusunu qəbul etməsi deməkdir. O ki qaldı prosesə ABŞ-ın vasitəçilik etməsinə, bu da real deyil. Ümumiyyətlə, ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda bir sıra görüşlər keçirilib. Kifayət qədər uğurlu və konstruktiv hesab edilə biləcək bu görüşlərdə rəsmi Bakı da iştirak etməkdə maraqlıdır. Lakin unudulmamalıdır ki, ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüşlərdə əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanmasıdır. Bunun xaricində Vaşinqtonun Qarabağ erməniləri ilə Bakını başqa bir ölkədə masa arxasında əyləşdimək mandatı yoxdur. ABŞ yaxşı bilir ki, bu, Azərbaycanın daxili məsələlərinə müdaxilədir və belə bir addım Bakı ilə münasibətləri korlaya bilər”.
Vidadi ORDAHALLI