Məlum olduğu kimi, ötən həftə Xaçaturyan Vaqif Çerkezoviç ad-familyalı Qarabağ ermənisi Laçın sərhəd-keçid məntəqəsində saxlanıldı.
O, 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törədənlərdən biri olub. Onu sərhədçilərimiz 29 iyul 2023-cü il tarixdə saxlayıb.
Xaçaturyan Vaqif Çerkezoviç və onun Xocalının Meşəli kəndindəki cinayətləri ilə bağlı yeni detallar üzə çıxıb. O, Meşəli kəndində azərbaycanlılara divan tutan, mülki insanlara qarşı soyqırım cinayəti edən, günahsız insanları el-obasından didərgin salan müharibə canisidir.
Hazırda Xaçaturyan Azərbaycan hüquq-mühafizə orqanlarının əlindədir.
Hərbi prokurorun müavini Fuad Məmmədov İctimai Televiziyada "Diqqət mərkəzi" verilişində deyib ki, istintaqın gedişində Meşəli epizodu üzrə 9 nəfərin cinayət törətməsi sübut olunub. Digər şəxslərin aşkarlanaraq barələrində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəmədən qərarlar alınıb.
"Azərbaycan xalqına qarşı cinayət işləmiş bütün şəxslər gec-tez məsuliyyətə cəlb olunacaq, bu həm də ərazidəki separatçılara və onun funksionerlərinə bir xəbərdarlıq mesajıdır"
Meşəli epizodu üzrə 9 nəfərin də cinayətə cəlb olunmasının vacibliyi haqqında danışan Azad Vətən Partiyasının rəhbəri Akif Nağı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, cinayətkarların cəzalandırılması Azərbaycan cəmiyyətinin gözlədiyi bir prosesdir. Qarabağda törədilən soyqırımlara görə cinayətkarın cəzalandırılması Azərbaycan cəmiyyətinin sosial sifarişidir: "İnsanlara qorxunc işgəncələr verən cinayətkar qatillərdən biri də Samir Babayandır. O da günahsız vətəndaşlarımıza olmazın zülmlər edib. Artıq bu şəxs də narahat olmağa başlayıb və adının siyahıda olmasından təşviş içindədir. Aidiyyəti orqanlarda cinayətkarların siyahısı var və onlar beynəlxalq axtarışa verilib. Hansı cinayətin kimlər tərəfindən törədildiyi bəllidir. Laçın dəhlizindən o şəxslər keçmək istəsələr, dərhal yerindəcə həbs olunur və olunacaq. Cinayətkarlar öz cəzalarını almalıdır".
Partiya sədri bildirdi ki, Xocalı cəlladı, uşaqların, əliyalın qadın-qocaların qatili Vaqif Xaçaturyan Azərbaycan xalqına cavab verməli, törətdiyi əməllərin cəzasını çəkməlidir: "Azərbaycan xalqına qarşı cinayət işləmiş bütün şəxslər gec-tez məsuliyyətə cəlb olunacaq. Bu, həm də ərazidəki separatçılara və onun funksionerlərinə bir xəbərdarlıq mesajıdır".
Günel CƏLİLOVA